Riya qorxulu mərəzdir


Digərləri 26 Sen 2019 23:45:00 279 0

Riya qorxulu mərəzdir

İxlas və səmimiyyət mömin üçün ən lazımlı əxlaqi keyfiyyətlərdəndir. Hər işi görərkən, bunun əvəzini yalnız Allahdan ummaq, insanların tərif və təəccübünü qazanmağı düşünməmək ixlasın əsasını təşkil edir. Bunun əksi olaraq, riya və ücb ən mənfi xislətlərdəndir.

İlk baxışda təhlükəli görünməsə də, əslində riya çox qorxulu mənəvi xəstəlikdir. Belə ki, vaxtında müalicə edilməzsə, bu mənəvi xəstəlik insanın bütün ruhunu işğal altına alaraq, onun bütün əməllərinin mənasına çevrilə bilər. Riya ilə edilən əməl nəinki Allah dərgahında qəbul olunmaz, hətta bundan əlavə, insana günah da qazandırar. Müqəddəslərimiz bunu nəzərdə tutaraq buyurmuşlar: "Əməli xalisləşdirmək əməlin özünü yerinə yetirməkdən daha çətindir. Niyyəti fəsaddan və riyadan təmizləmək uzunmüddətli ibadətdən daha ağırdır".

Son.az islam.az-a istinadən bildirir ki, İslamın böyük alim və mütəfəkkirləri müqəddəslərin davranışlarından nümunə, kəlamlarından ibrət alaraq, həmişə riyadan uzaq olmağa çalışır, ətrafdakılara da bunu tövsiyə edirdilər. Onların hər bir sözü, yazısı, əməli yalnız Allaha xatir idi. İnsanların gözündə ucalmaq, avam camaatın hörmətini qazanmaq onları qətiyyən düşündürmürdü. Bu yolu ömrü boyu izləmiş alimlərdən biri də XIX əsrin məşhur elm siması Şeyx Mürtəza Ənsari idi. Təsadüfi deyil ki, vəfatından 150 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də Şeyx Ənsari öz zahidanə həyatı, səmimi və ixlaslı davranışı, tələbələrə qayğıkeşliyi, elm və əməldə diqqətcilliyi ilə nümunə sayılır və bununla bağlı saysız-hesabsız əhvalatlar xatırlanır.

Şeyx Ənsari haqqında çox maraqlı xatirələrdən biri də onun dəyərli tələbəsi, həmyerlimiz olan Ayətullah Seyyid Əli İrəvaniyə məxsusdur. O, XIX əsrin ən böyük mərceyi-təqlidlərindən biri olan Fazil İrəvaninin bacısı oğlu idi. Seyyid Əli Nəcəfdə mükəmməl dini təhsil almışdı, müəllimlərindən biri də Şeyx Ənsari idi. Alim Şeyx Ənsari haqqında aşağıda nəql edilən xatirəni onun "Rəsail" kitabına yazdığı haşiyənin müqəddiməsində qeyd edibmiş:

Bir gün bir dəstə tələbə Şeyx Ənsarinin hüzurunda əyləşibmiş. Təhsil müddətini başa vurmuş tələbələrdən biri öz vətəninə qayıtmazdan əvvəl Şeyxlə sağollaşmaq üçün gəlir. O, müəllimin çəkdiyi zəhmətlər üçün halallıq istəyir, hamı ilə vidalaşır. Şeyx Ənsari də onunla sağollaşır və tapşırır ki, onun salamını öz şəhərindəki müsəlmanlara və tanıdığı şəxslərə çatdırsın, onlardan iltimasi-dua xahiş etsin.

Tələbə getməyə tələsmir, söhbəti uzadırdı. Ətrafdakı adamlar yavaş səslə Şeyx Ənsariyə deyirlər ki, bu tələbə öz şəhərində sizin nümayəndəniz kimi davranmaq üçün sizdən icazə almağa gəlib. O zamanın təhsil və tədris qaydalarına uyğun olaraq, şagirdlər ustadın yanında təhsili başa vurduqdan sonra ondan yazılı icazə alırdılar. Ustad öz icazəsində bildirirdi ki, filankəsə filan sahələrdə öz ictihadına uyğun olaraq fətva verməyə və ya filan mənbələrdən hədis rəvayət etməyə icazə verir. Bəzən isə alim öz tələbəsinə camaatın xüms və zəkat pullarını toplayıb ona göndərmək (yaxud lazımi istiqamətdə xərcləmək) səlahiyyətini verirdi. Müəllimin möhrü ilə təsdiqlənən icazə o zamanlar mədrəsələrdə diplomu əvəz edirdi və rəsmi sənəd sayılırdı.

(adsgarden = window.adsgarden || []).push({});