Şəhidlik məktəbindən iki dərs


Digərləri 26 Sen 2019 23:10:00 279 0

Şəhidlik məktəbindən iki dərs

Mədinə əhalisindən Ümeyr ibn Həmmam hələ hicrətdən əvvəl İslamı qəbul etmişdi. Bədr savaşı günü tərəflər bir-birinin qarşısında səf çəkib durmuşdu.

Peyğəmbər üzünü müsəlmanlara tutub buyurdu: "Hüdudları göylərlə yer qədər geniş olan Cənnətə daxil olmaq üçün hərəkətə keçin". Peyğəmbər bu yolla müsəlmanları döyüşüb Allahın razılığını qazanmağa çağırırdı. Çünki bu savaşda şəhid olan da, döyüşüb sağ qalan da hədsiz savab qazanacaq və Cənnətə layiq olacaqdı. Ümeyr bu sözləri eşidəndə sevinc içində dedi: "Bəh-bəh, nə gözəl sözdür!" Peyğəmbər soruşdu: "Niyə bəh-bəh deyirsən?" Ümeyr cavab verdi: "Allaha and olsun ki, oranın (cənnətin) sakinlərindən olmaq istərdim". Peyğəmbər Ümeyrə müjdə verdi: "Sən oranın sakinlərindənsən".

Son.az islam.az-a istinadən bildirir ki, savaşdan əvvəl hər iki tərəfdən təkbətək çarpışmalar baş verdi. Həzrət Əli, Həmzə və Übeydə öz rəqiblərini öldürdülər. Peyğəmbər üzünü müsəlmanlara tutub, onları cihada həvəsləndirmək məqsədi ilə buyurdu: "İxtiyarında olduğum Allaha and olsun ki, bu gün hər kim bunlarla (düşmənlə) səbrlə, mükafatını Allahdan umaraq və geri dönməyərək savaşsa, Allah onu cənnətə daxil edər". Bu zaman Ümeyr ovcunu xurma ilə doldurmuş halda ön cərgədə durmuşdu. Bir neçə saat idi ki, dilinə yemək dəyməmişdi. Ovcundakı xurmaları yeyib tox qarınla savaşmaq istəyirdi. Amma Peyğəmbərin çağırışını eşitcək öz-özünə dedi: "Doğrudanmı mənimlə Cənnət arasında duran maneə yalnız bunlarla döyüşüb həlak olmaqdır? Bu xurmaların hamısını yeyib qurtarmağa sərf etdiyim vaxt məni əbədi cənnətdən ayrı salır. Elə isə, nəyi gözləyirəm?" Bunu deyib, ovcundakı xurmaları yerə atdı, qılıncını sıyırıb düşmən cərgələrinin üzərinə şığıdı. Silahdaşları bundan ilham alıb Ümeyrin ardınca hücuma keçdilər. Ümeyr bir neçə nəfəri öldürdü, sonra özü də şəhadətə qovuşdu. Deyirlər ki, ənsardan ilk şəhid olan şəxs Ümeyr ibn Həmmam oldu.

***

Ühüd savaşından sonra Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara tapşırdı ki, savaşda şəhid olanların nəşinin yanına gedib, onlara salam versinlər. Peyğəmbər özü mübarək şəhid səcədlərinə xitab edərək buyurdu: "Allahın elçisi şəhadət verir ki, həqiqətən, siz Qiyamət günündə Allahın hüzurunda şəhidsiniz" (yəni həmin gün şəhidlərə vəd edilən böyük savablara nail olacaq və uca məqamda duracaqsınız). Sonra o həzrət müsəlmanlara buyurdu: "Ay camaat, bunları ziyarət edin, onların nəşinin (sonra da məzarının) üstə gəlin, onlara salam verin. İxtiyarında olduğum Allaha and olsun, bunlar Qiyamət gününə kimi onlara salam verən hər kəsin salamına cavab verərlər" (İbn Səd. Ət-Təbəqatül-kübra, III, 89-90).

(adsgarden = window.adsgarden || []).push({});