Yezid necə bir şəxs idi və necə öldü?


Digərləri 26 Sen 2019 21:50:00 243 0

Yezid necə bir şəxs idi və necə öldü?

Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur. Hicri 25-ci ildə (miladi 645-ci il) doğulmuşdur. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun idi. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı.

Buna görə, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas olan adət-ənənələrə (ov və şeirə meylilik, əyləncəyə aludəlik və s.) yiyələndi. Zahiri görünüşcə kök, bədəni tüklü idi.

Son.az islam.az-a istinadən bildirir ki, Yezid cavanlığından eyş-işrətə, içkiyə, musiqiyə, zinaya, meymunbazlıq və itbazlığa həvəsli idi. Hətta xəlifə olduqdan sonra da bu adətlərindən əl çəkməmişdi. Tarix kitablarında yazırlar ki, o, öz meymununa insan kimi Əbu Qeys adını vermişdi. Meymuna bahalı paltarlar geyindirir, başına papaq qoyur, məclislərdə yanında saxlayır, onunla eyni qabdan içki içir, hətta öz qədəhinin dibində qalan şərabı meymuna içizdirirdi. Cıdır yarışlarında Əbu Qeysi bir vəhşi qatırın belinə mindirib yarışa buraxırdı. (Məsudi. Mürucüz-zəhəb, III, 67-68). Cıdır yarışlarının birində Əbu Qeys qatırın belindən yıxılıb atların tapdağı altında qalaraq öləndə Yezid onun üçün mərsiyə söyləyib ağladı. Yezid deyirdi ki, Əbu Qeys əslində Bəni-Israil qövmündən qoca bir kişi olub, sonra Allah onu meymuna döndərib (Bəlazuri. Ənsabül-əşraf, V, 300).

Yezidin zamanında günah və fisq açıq-aşkar edilən əmələ çevrildi, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə haram məclislərə xas əyləncə səsləri eşidilməyə başladı. Məhz bundan istifadə edən Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırdı və bütün Hicazın hakimiyyətini ələ keçirdi.

Yezid şair idi, əsasən, kef məclislərinə aid olan mövzularda şeir deyirdi. Bəzi şeirlərində Islam dinini, vəhyi inkar edir, Peyğəmbərlə və nəsli ilə düşmənçiliyini açıq-aşkar şəkildə dilə gətirirdi.

Həsən Bəsri deyirdi ki, camaatın taleyini iki nəfər zay etdi. Birincisi, Əmr ibn Asdır ki, Siffeyn savaşında Quran səhifələrini nizələrin ucuna taxmağı Müaviyəyə məsləhət gördü. Nəticədə xəvaric tayfası meydana çıxdı, həkəmeyn hadisəsi baş verdi və qiyamət gününə kimi bunun ziyanını çəkəcəyik. Ikincisi isə, Müğeyrə ibn Şöbədir ki, Müaviyəyə özündən sonra Yezidi vəliəhd etməyi məsləhət gördü. Müğeyrə Kufə valisi idi. Müaviyə ona məktub yazıb vəzifədən azad etdiyini bildirdi. Müğeyrə də Müaviyənin qəzəbini soyutmaq və vəzifədə qalmaq üçün bu hiyləni fikirləşdi, Şama gəlib Müaviyəyə məsləhət verdi ki, hakimiyyəti əldən buraxmamaq üçün camaatdan Yezidin adına beyət alsın. Müaviyə soruşdu ki, sən özün bu işə rəhbərlik edə bilərsənmi? Müğeyrə razılığını bildirdi və həqiqətən bu işin öhdəsindən uğurla gəldi. Həsən Bəsri deyirdi ki, məhz bu hadisədən sonra hakimiyyətin atadan oğula keçməsi adət halına keçdi və şura ənənəsi yaddan çıxdı (Süyuti. Tarixül-xüləfa, səh. 164).

Yezid atasının sağlığında hakimiyyət işlərinə qarışmadan, eyş-işrət içində gününü keçirirdi. Müaviyə onu dövlət işlərinə alışdırmaq üçün ardıcıl cəhdlər göstərirdi. Hətta Bizans yürüşlərinin birinə Yezidi sərkərdə təyin etmişdi. Bu missiya Yezidin ürəyincə olmasa da, atasının sözündən çıxa bilmədi. Bəzi böyük səhabələrin (məsələn, Əbu Əyyub Ənsarinin) də qatıldığı yürüş Konstantinopolun qala divarlarının qarşısında sona çatdı və müsəlmanlar şəhəri uzun müddət mühasirədə saxladıqdan sonra nəticəsiz halda geri qayıtmağa məcbur oldular.

Müaviyə can verəndə belə, Yezid sarayda deyildi, ova getmişdi. Atasının ölümündən sonra o, hakimiyyətə keçdi və ilk növbədə ona beyət etməmiş şəxsləri özünə ram etmək uğrunda tədbirlər görməyə başladı. Yezid təqribən 3 il yarım davam etmiş xəlifəlik dövründə üç böyük cinayətə imza atdı. Hakimiyyətə gəldikdən təqribən altı ay sonra Kərbəla səhrasında Peyğəmbərin əziz nəvəsi Imam Hüseyni (ə), ailə üzvlərini və yaxın silahdaşlarını görünməmiş qəddarlıqla qətlə yetirdi.

Bundan iki il sonra - hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Mədinəlilər Şama nümayəndə heyəti göndərmişdilər ki, sarayda baş verən hadisələri izləyib xəbər gətirsinlər. Onlar Şamda olduqları müddətdə Yezidin və əlaltılarının dindən uzaq bir adam olduqlarını müşahidə etdilər, Əməvilər soyunun hakimiyyətə layiq olmadığı qənaətinə gəldilər. Şəhər əhalisi Hənzələ qəsilül-məlaikənin (yəni mələklərin qüsl verdiyi Hənzələnin) oğlu Abdullaha beyət etdi. Abdullahın atası Hənzələ Ühüd savaşında cənabətli halda şəhid olmuşdu. Peyğəmbər onun şəhadətindən sonra buyurmuşdu ki, indi behiştdə mələklər Hənzələnin cənazəsinə qüsl verirlər.

Abdullahın başçılığı altında mədinəlilər Yezidin valisini şəhərdən qovdular. Yezid hadisədən xəbər tutan kimi Müslim ibn Əqəbə adlı sərkərdəni böyük qoşunla Mədinə üzərinə yolladı. Şəhər kənarındakı Hərrə adlı daşlıq məkanda tərəflər arasında toqquşma baş verdi. Mədinəlilər şücaətlə savaşsalar da, qüvvələrin qeyri-bərabərliyi döyüşün taleyini həll etdi. Qalib gəlmiş Şam qoşunu Mədinəyə daxil oldu. Müslim ibn Əqəbənin əmri ilə Mədinə şəhərindəki hər şey - sakinlər də daxil olmaqla - əsgərlərə halal elan edildi. Tarixçilər yazırlar ki, Şam qoşunu Mədinədə misli görünməmiş qətlü qarət törətdi. Öldürülənlərin sayını minlə on min nəfər arasında qeyd edirlər. Hətta Peyğəmbər məscidinə pənah gətirənlərə də aman verilmədi. Qətlə yetirilənlərin arasında 700-dən artıq elm əhli və Quran qaresi vardı ki, bunların bir hissəsi səhabə idi. Peyğəmbərin əmisi oğlu Abdullah ibn Cəfəri-təyyarın iki oğlu, Peyğəmbərin əmisi Əbu Ləhəbin oğlu Abbas, Peyğəmbərin digər əmisi Harisin nəslindən olan bir neçə nəfər, o cümlədən, səksən nəfərə yaxın səhabə bu faciə zamanı şəhid oldular. Ibn Kəsir, Ibn Qüteybə kimi məşhur tarixçilər yazırlar ki, vaxtilə Bədr savaşında iştirak etmiş qocaman səhəbələrin hamısı Hərrə faciəsində qətlə yetirildilər. Əsgərlər Mədinə camaatını ya öldürür, ya da işgəncəyə məruz qoyurdular. Əbu Səid Xüdrinin evinə soxulan Şam ordusunun əsgərləri ələ keçirmək üçün qənimət tapa bilməyəndə qəzəblənib bu möhtərəm səhabənin saqqalını yolmuşdular.

Müslim ibn Əqəbənin əsgərləri Mədinədə üç gün rüsvayçıdıq etdilər. Qadınların və qızların namusu tapdalandı.

Sonra Yezidin əmri ilə Hüsayn ibn Nümeyrin başçılığı altında qoşun Məkkəyə sarı istiqamət aldı. Onun məqsədi Məkkədə hakimiyyət sürən və Yezidə meydan oxuyan Abdullah ibn Zübeyri məğlub etmək idi. Məkkəlilər şəhərə çəkilib müdafiə olunmağa başladılar. Şam qoşunu Məkkə kənarındakı Əbu Qübeys dağının üzərində mancanaqlar quraşdırdı. Bu mancanaqlardan şəhərə iri daşlar atmağa başladılar. Ucu yandırılmış oxlar da müqəddəs şəhəri hədəfə götürdü. Mancanaqlardan atılan daşlar Kəbənin divarlarına dəyib Allahın evini uçurdu. Kəbənin üzərindəki kisvə (örtük) yandı. Əgər bu minvalla davam etsəydi, Məkkədə daş üstə daş qalmayacaqdı. Ancaq bir neçə gündən sonra Şamdan Yezidin ölüm xəbərini gətirdilər. Qoşun Məkkənin mühasirəsindən əl çəkib Şama qayıtdı.

Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: "Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sürmüş, birinci il Hüseyn ibn Əlini qətlə yetirmiş, ikinci il Mədinə əhalisini qorxudub camaatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuşdur?" (Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvass, səh. 291-292).

(adsgarden = window.adsgarden || []).push({});