Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib


Digərləri 26 Sen 2019 12:51:39 199 0

Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələrdən 50-dən çox nümayəndə iştirak edib. Konfransı açıq elan edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Əsrin müqaviləsi”nin məqsədi, neft strategiyasının uğurları və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib. Rektor, müstəqil Azərbaycanı müasir, güclü, dayanıqlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyevin siyasi-iqtisadi islahatlarının əsasını neft strategiyasının təşkil etdiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsrdə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan “Əsrin müqaviləsi” olub. “Əsrin müqaviləsi” dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq nəhəng neft şirkətini ətrafında cəmləşdirib. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan 200 ilə yaxın Rusiya və Sovet İttifaqının tərkibində öz sərvətlərindən daha səmərəli faydalanmaq imkanına malik olmayıb. Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra, gərgin siyasi vəziyyətdə belə, irimiqyaslı neft müqavilələrinin imzalanması və xarici investisiyaların ölkəyə cəlb olunması yüksək zəka, bacarıq və nüfuz tələb edirdi. Məhz, Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olaraq, neft sənayesində müasir texnologiyaların tətbiqi, Qərbə inteqrasiya, neft kapitalının insan kapitalına çevrilməsi prosesinə start verildi. Bununla da, sonrakı illərdə neft hasilatı artdı, qərb şirkətləri ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə Qafqazda fəaliyyətə başladı. Bir məqamı da qeyd edim ki, əvvəllər transmilli şirkətlərdə çalışanların çoxu əcnəbi idisə, qoyulan tələb və həyata keçirilən islahatlar sayəsində hazırda 90 faiz yerli mütəxəssislərdir. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın qlobal əhəmiyyət kəsb edən enerji dəhlizinə çevrilməsi istiqamətində yeni era başladı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa əsas ixrac neft boru kəmərlərinin istifadəyə verilməsi, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsi, Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən çoxmiqyaslı işlərin sadəcə bir hissəsidir”, - deyə E.Qasımov əlavə edib. BP-nin Xarici Əlaqələr Departamentinin rəhbəri Günəş Əliyeva tədbirdə təqdimatla çıxış edərək, təmsil etdiyi şirkətin həyata keçirdiyi işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. G.Əliyeva bildirib ki, ölkədə vəziyyətin stabil olmadığı bir dövrdə, BP Azərbaycana investisiya yatıran şirkətlərdən biri olub. O qeyd edib ki, ötən il birgə müqavilənin imzalanması ilə şirkət Azərbaycanda 2050-ci ilədək fəaliyyətini davam etdirəcək: “BP 1992-ci ildə kiçik bir qrupla yerli neft sənayesinə qədəm qoyub. Ötən müddətdə təmsil etdiyim şirkət üçün insan kapitalı və müasir texnologiyaların tətbiqi uğurun 2 vacib açarı olub. BP sadəcə neft-qaz ixracı üçün fəaliyyət göstərmir, sosial fəaliyyətlər, insan bacarıqlarının inkişafı, ətraf mühitə qayğı da fəaliyyətin əsasını təşkil edir”- deyə G.Əliyevə qeyd edib. İtaliyanın “Maire Tecnimont Qrup” şirkətinin eksperti Eduardo Faççi çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi” böyük tarixi nailiyyətdir. O, bu müqavilənin bir sıra strateji əhəmiyyətli qlobal layihələrin həyata keçirilməsinə rəvac verdiyini qeyd edib.