Yadındamı, İsa Qəmbər?


Siyasət 26 Sen 2019 12:31:00 200 0

Yadındamı, İsa Qəmbər?

Bir zamanlar Azərbaycanın iqtidarında Müsavat Partiyası vardı. İsa Qəmbər parlamentin spikeri olanda yaratmışdı. Sonra Əbülfəz Elçibəyin prezident postunu qoyaraq Naxçıvana, Kələkiyə yollanması - bunu ən müxtəlif sözlərlə dəyənləndirənlər var - İsa Qəmbərin çox qısa müddətdə dövlət başçısı səlahiyyətlərini icra etdiyi müddətdə "ən güclü partiya" da sayılmışdı hətta.

Əbülfəz Elçibəyin prezident, İsa Qəmbərin isə onun səlahiyyətlərini icra etməyə başladığı gün vardı. Müsavatın başqanı həmin gün sırf şəxsi qisas zəminində 7 azərbaycanlının ölüm cəzası ilə bağlı fərman imzalamışdı.

Hikkəyə, qisasa və ən başlıcası, yaranmış absurd, alleqorik, hətta marazmatik situasiyaya baxın: Elçibəy prezidentdir hələ, İsa Qəmbərinsə səlahiyyətləri təsdiqlənməyib. Amma 7 nəfərin ölümünə fərman verilir.

Bu, Müsavat başqanının iş prinsiplərindən, yaşam kodlarından biri idi.

Azərbaycanda test sisteminin təşəkkül tapmasında misilsiz əməyi olan, on minlərlə gəncin ali təhsil almasına bilavasitə şərait yaradan, ölkədəki təhsil korrupsiyasının kökünü qazımağa çalışan Vurğun Əyyub dünyasını dəyişib, bilirsiniz.

Haqq dərgahındadır indi.

Və onun vida mərasimində Müsavatın sabiq və indiki başqanları - İsa Qəmbər və Arif Hacılı da vardı.

Yanlarında da Gülağa Aslanlı.

İsa Qəmbər hətta çıxış da etdi, Vurğun Əyyubdan bəhs etdi.

Vicdanı sızladımı görən?!

Arif Hacılı o həyətdə duranda, simasına kədərli görkəm verəndə əməllərindən utandımı və Vurğun Əyyubun onun haqqında dediyi sözləri xatırladımı?!

Vurğun Əyyub Azərbacyanda milli-azadlıq hərəkatının öncüllərindən biri, "Çənlibel"in baniləri və rəhbərləri arasında yer almış insandı.

O, Müsavat Partiyasında da liderlərdən biri idi.

Amma Müsavat rəhbərliyi onu "xərclədi".

Çünki...

İsa Qəmbər xalq arasında çox populyar, sevilən, ən başlıcası isə intellektual və ziya sahibi olan adamları sevmir.

Bunun əksini daim desə də, həqiqəti gizlədir, ört-basdır etməyə çalışır.

Son illərdə Müsavat sıralarını tərk edən, daha doğrusu, tərkə vadar edilən aydınların adlarını sadalayımmı?

Nə hacət, sadəcə, iki nəfərin adlarını çəkim - Qubad İbadoğlu və Vurğun Əyyub.

Vurğun Əyyub amal adamı idi. O, Müsavat rəhbərliyindəki bir çoxlarından fərqli olaraq bir mövqeyə, bir simaya, bir üzə malik adamdı. Bu səbəbdən də İsa Qəmbər ona dözmədi.

Məhz bu səbəbdən Müsavat başqanlığına əsla layiq olmayan Arirf Hacılı təkidlə başqan seçiləndə Vurğun Əyyub bezdi, usandı, "yetər artıq" dedi.

O kəs ki, 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və Müsavat başqanının 1-ci müavini təyin edilib.

"Məni Müsavat Partiyasının legitim hesab etmədiyim Məclis üzvülüyündən çıxarmaq gülünc bir qərar olar". Bunu 2014-cü ilin dekabrın 27-də Vurğun Əyyub Müsavat Partiyası Məclisinin iclasında onun Məclis üzvlüyündən çıxarılması barədə müzakirələrə münasibət bildirərkən deyib.

V.Əyyub qeyd edib ki, onların bu müzakirəsi onu əsla maraqlandırmır:

"Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Çünki mən özümü Müsavat Partiyasının Məclisinin üzvü hesab etmirəm. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməli görünər".

Arif Hacılıya, xüsusən də İsa Qəmbərə xatırladım: 5 il əvvəl, 2014-cü ilin sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirdi, indi də edirlər.  

Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilirdi. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırdı. Bu və digər təklifləri müzakirə etmək üçün işçi qrupu yaradılmışdı.

Xüləs, məhz həmin olaylardan sonra "Azərbaycan Demokratiya və Rifah" hərəkatı yaradılmışdı. Vurğun Əyyubla Qubad İbadoğlu idilər banilər.

O kəslər ki, Arif Hacılının başqan seçilməsini oyun adlandırmışdılar.

İsa Qəmbər vida mərasimində V.Əyyubun həyat yolundan qısa danışdı və belə əyan oldu ki, sən demə, fəxr edirmiş Əyyubla.

Tamam, hafizəsini təzələyim yenidən partiyaya rəhbərlik etmək istəyən sabiq başqanın.

2014-ci il, aprelin 3-ü. İsa Qəmbər bəyan edir ki, bəs "V. Əyyubun məsələsi çox uzanır": "Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm".

Vəssəlam. İsa Qəmbərin "təklif"i, daha doğrusu, təkidi ilə V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılır, sonra isə ümumiyyətlə, Müsavatdan uzaqlaşdırılır.

Vurğun Əyyub da cavabında demişdi: "Partiyanın indiki rəhbər orqanları legitim olmadığından onların verdiyi qərarlar əhəmiyyətsizdir".

Yadınızdan çıxmayıb ki, İsa Qəmbər?!

Həmin dönəmdə Müsavat başqanının müavini olmuş Elman Fəttahın dediklərini də xatırladım.

"Vurğun Əyyub heç bir əsas olmadan özündən xoflanır. O, Müsavatın minlərlə sıravi üzvündən biridir. Onun özündən müştəbeh şəkildə partiyadakı nüfuzu ilə bağlı şişirtmələri də əsası olmayan müştəbehlikdən irəli gəlir. Müsavat Partiyası nizamnamə ilə idarə olunur və nizamnamədə göstərilməyib ki, kimsə keçmişdə hansısa müsbət bir işin iştirakçısı olubsa, sonradan nizamnaməni pozmasına göz yumulmalıdır. Nizamnamə pozuntusuna yol verən partiya üzvünün məsələsi partiyanın rayon təşkilatında müzakirə edilir, məsələ orada aydınlaşdırılır, uyğun olsa partiyanın mərkəzi orqanlarına şikayət ünvanlanır və məsələ orada araşdırılaraq müvafiq qərar verilir. Vurğun Əyyub tək deyil, onun kimi bir neçə nəfər də var ki, Müsavatın Nizamnaməsinin və rəhbərliyinin demokratikliyindən sui-istifadə etməklə məşğuldurlar. Həmin şəxslər Müsavat üzvü olduqlarını iddia edərək bütün fəaliyyətlərini Müsavata qarşı yönəltməkdə davam edirlər. Bu, mənəvi məsələdir".

Vurğun Əyyubun rayon özək təşkilatının qərarı ilə partiyadan kənarlaşdırılması məhz bu açıqlamadan sonra "legitimləşdi".

Xülasə, rəhbərlikdə avtoritarizmə, volüntarizmə, "mənəm-mənəm"liyə meylli olan İsa Qəmbər sonradan yerini Arif Hacılıya verəndə onlarla, yüzlərlə, minlərlə insan Müsavatı tərk etdi.

Partiyanın çöküşü, tənəzzülü belə başlandı və Müsavat indi Mədain xərabələrini xatırladır.

Halbuki, İsa Qəmbər ambisiyalarına və eqoizmə əsir olmasaydı, Müsavat rəhbərliyini bacarıqsızlara təslim etməsəydi, belə anormallıqlar da yaşanmazdı.

V.Əyyubun "yekdilliklə" partiya sıralarından kənarlaşdırıldığı toplantı, Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin iclası, əslində, Müsavatın tabutuna son mıx oldu.

Yadındamı, İsa Qəmbər?

Elçin Alıoğlu Son.az