Şahmar Mövsümov: Müsbət təsirli investisiyalar böyük potensiala malikdir (FOTO)


Digərləri 26 Sen 2019 12:30:00 224 0

Şahmar Mövsümov: Müsbət təsirli investisiyalar böyük potensiala malikdir (FOTO)

Bakıda “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans keçirilir.

Bakı. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi çərçivəsində sentyabrın 26-da fondun təşkilatçılığı, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Bakıda “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans keçirilir. ARDNF-dən Trend-ə verilən məlumata görə, tədbirdə institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar kimi məsələlər müzakirə edilir. Son 10 ildə institusional investorlar arasında müsbət təsirli investisiyalara olan maraq hədsiz sürətlə artır. Bu tip investisiyalarda institusional investorlar idarə edilə bilən risklərlə yüksək gəlirlilik qazanmaqla yanaşı, bu növ investisiyalar vasitəsilə sosial və ətraf mühitə müsbət təsiretmə imkanına malik olurlar. Konfrans müsbət təsirli investisiyaların mahiyyəti, onların maliyyə bazarları və alətlərinə təsiri, institusional investorlar tərəfindən bu investisiyaların strateji inteqrasiyası və tətbiqi, müsbət təsirli investisiyaların ölçülməsi və hesabatlılığı, bu investisiyalar üçün mövcud siyasət və qaydalar, iqlim dəyişikliyi məsələlərinə investisiyalar kimi mövzuları əhatə edən 6 sessiyadan ibarətdir. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov müsbət təsirli investisiyaların əhəmiyyətini vurğulayaraq deyib: “Uzunmüddətli investor olaraq biz inanırıq ki, dəyər yaratma və davamlılıq bizim investisiya strategiyalarımızın əsas təməlini təşkil etməlidir və bu hədəflərə çatmaq üçün müsbət təsirli investisiyalar böyük potensiala malikdir. Təşkil etdiyimiz bu konfransın uzunmüddətli institusional investorların bu sahədə məlumatlılığının artırılmasında mühüm mərhələ olacağına inanırıq”.