Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu (FOTO)


Digərləri 26 Sen 2019 12:40:00 203 0

Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu (FOTO)

Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu

Bakı. Bu günlər Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiya əməliyyatını icra edən Mircəlal Kazıminin yanına çox əziz bir adam – vaxtı ilə pasiyenti olmuş bir gənc - 2017-ci il yanvar ayının 18-də böyrək köçürülmüş Müseyib Əlizadə qonaq gəlib. O, bu il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, arzusunda olduğu Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunub və bu sevinci 3 il əvvəl ona sağlamlıq bəxş etmiş sevimli həkimi ilə bölüşmək üçün gəlib... Dr. Mircəlal Kazımi qeyd edib: “Müseyib xəstəxanaya daxil olanda 14 yaşı var idi. O, 6 ay idi ki, hemodializ alırdı. Böyrək çatışmazlığından əziyyət çəkən Müseyibin vəziyyəti ürəkaçan deyildi: həmyaşıdları ilə ünsiyyətdə ola bilmir, dərslərinə davam etmirdi. Yeganə çıxış yolu, yəni onun həyatda qalma şansı böyrək transplantasiyası əməliyyatı idi. Atası öz böyrəyini ona verdi və biz orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirdik. Hazırda Müseyib tələbə adını qazanıb və bu xəbər bizim komandamızı çox sevindirir. Bu münasibətlə biz onu təbrik edir, dərslərində müvəffəqiyyətlər və ən əsası - möhkəm can sağlığı arzu edirik. 3 il əvvəl böyrək çatışmazlığından əziyyət çəkən və əməliyyat olunan Müseyib Əlizadənin tələbə adı qazanması bir daha onu təsdiqləyir ki, böyrək transplantasiyası əməliyyatı insan həyatını xilas edən əməliyyatdır, onun yaşaması üçün bir şansdır. Bu əməliyyatdan sonra pasiyentlər normal həyata qayıdır və cəmiyyət üçün faydalı bir fərdə çevrilirlər”.