AQTİ “Təhlükəsiz qida” adlı müsabiqə elan edir


Digərləri 26 Sen 2019 11:45:38 249 0

AQTİ “Təhlükəsiz qida” adlı müsabiqə elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Təhlükəsiz qida” adlı müsabiqə elan edib.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Təhlükəsiz qida” adlı müsabiqə elan edib. Müsabiqəyə qida təhlükəsizliyi mövzusunda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər. Trend-in məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, qida təhlükəsizliyinin vacibliyini gündəmə gətirmək və qida təhlükəsizliyi ilə bağlı problemlərin həllində vətəndaşların rolunu artırmaqdır. Müsabiqənin qaydalarına əsasən ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Təqdim edilən ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalı və Azərbaycan dilində olmalıdır. Bir müəllif müsabiqəyə bir neçə ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən edilən ssenarilər müsabiqədən kənarlaşdırılacaq. Müsabiqənin münsiflər heyəti ən yaxşı 10 ssenarini seçəcək. İlk 3 yeri tutan ssenarilərin müəllifləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sosial videoçarx hazırlanacaq.