Bakıda atmosferə atılan tullantıların 80 faizi nəqliyyatın payına düşür


Digərləri 25 Sen 2019 19:34:00 264 0

Bakıda atmosferə atılan tullantıların 80 faizi nəqliyyatın payına düşür

Atmosferin çirklənməsi xüsusilə də böyük şəhərlərdə yaşayan əhalini maraqlandıran və narahat edən mövzulardan biridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, əgər 70-80-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib:

"2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir.

Nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadılar.

Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".