77 ölkə 2050ci ilə qədər istixana qazları tullantısını sıfıra endirməyi öhdəliyə götürüb


Dünya 25 Sen 2019 16:16:00 229 0

77 ölkə 2050ci ilə qədər istixana qazları tullantısını sıfıra endirməyi öhdəliyə götürüb

Onlarca ölkə, yüzdən çox şəhər, o cümlədən bir neçə meqapolis, habelə iri biznes nümayəndələri iqlimlə bağlı böhrana qarşı mübarizə sahəsində konkret addımlar atılacağını elan ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nyu-Yorkda başa çatmış İqlim Sammitinin yekunları BMT-də razılıqla qarşılanıb, lakin təşkilat bununla kifayətlənməməyə çağırır.

77 ölkə atmosferə istixana qazları atılmasını bu əsrin ortalarına qədər tamamilə dayandırmağı öhdəyə götürüb, daha 70 dövlət bu sahədə öz milli planlarını gələn ilə qədər dəqiqləşdirməyi vəd edib. Məcmu kapitalı 2 trilyon dollara bərabər olan yüzdən çox şirkətin biznes liderləri "yaşıl" iqtisadiyyata keçidi sürətləndirmək niyyətində olduqlarını bildiriblər.

Şəhərlər, kiçik ölkələr, o cümlədən ada-dövlətlər də bu işə töhfə verməyi vəd ediblər. BMT-nin Baş katibi Antonio Quterreş forumun bağlanış mərasimindəki çıxışında deyib: "Siz qarşıya qoyulmuş vəzifəni yerinə yetirmişiniz və iqlim dəyişmələrinə qarşı mübarizəyə təkan verilməsinə, əməkdaşlığın möhkəmlənməsinə və daha yüksək məqsədlər seçməyə kömək etmisiniz, lakin qarşıda hələ uzun yol var". Baş katib bu sammitin ideyasını təxminən iki il götür-qoy edib. BMT-də forumun daha bir gəlişigözəl tədbirə çevrilməməsi üçün bütün səviyyəli liderlərin bu görüşə hazırlaşmaları, oraya konkret planlarla gəlmələri üçün vaxt verməyə çalışıblar.

Sammit iştirakçıları da əlindən gələni ediblər. Məsələn, Fransa Paris Sazişinin şərtlərinə riayət etməyən ölkələrlə ticarət aparmayacağını, Almaniya "karbon neytraliteti"nə nail olacağını bildirib. 12 ölkə "Yaşıl İqlim" Fonduna vəsait ödəməyi vəd edib. Böyük Britaniya iqlim dəyişmələrinə qarşı mübarizə üçün 2025-ci ilə qədər əlavə 11,6 milyard funt-sterlinq ayıracaq. Hindistan 2022-ci ilə qədər bərpaolunan mənbələrdən enerji istehsalını artıraraq 175 Gvt-a, gələcəkdə isə 450 Gvt-a çatdırmağı vəd edib. Bildirilib ki, Beynəlxalq Günəş Enerjisi Alyansı hazırda 80 ölkəni əhatə edir.

Çin atmosferə zərərli tullantıları ildə 12 milyard ton azaldacaq. Avropa İttifaqı növbəti büdcəsinin dörddəbir hissəsini iqlim dəyişmələrinə qarşı mübarizə üçün ayıracaq. Rusiya Federasiyası Paris Sazişini ratifikasiya etdiyini bildirib. Beləliklə, hazırda 187 ölkə bu sazişin iştirakçısıdır. Pakistan yaxın 5 ildə 10 milyard ağac əkiləcəyini öhdəyə götürüb.

Məcmu kapitalı 2,3 trilyon dollara bərabər olan 87 iri özəl şirkət tullantıları azaltmaq və təbii mühitə vurulan ziyanı məhdudlaşdırmaq öhdəliyi götürüb. 130-a yaxın özəl bank öz işində İqlimə dair Paris Sazişinin müddəalarını əsas götürəcəyini vəd edib.