Azərbaycanda hava məlumatları üçün yeni sayt yaradılır


Digərləri 25 Sen 2019 15:20:00 227 0

Azərbaycanda hava məlumatları üçün yeni sayt yaradılır

Hava məlumatlarının daha operativ çatdırılması üçün ETSN tərəfindən yeni sayt hazırlanıb.

Bakı. Samir Əli - Hava məlumatlarının daha operativ çatdırılması üçün ETSN tərəfindən yeni sayt hazırlanıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, hava şəraitinin necə olacağı hamını maraqlandıran bir məlumatdır: "Müasir dövrdə insanlar hava proqnozlarını dinləyib öz planlarına müəyyən düzəlişlər edirlər. Bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır. Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır. Əhali bunların hansının doğru, hansının yalnış olduğunu, hansının rəsmi məlumat olduğunu adətən araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı bu qeyri müəyyənlikləri aradan qaldırmaqla, əhaliyə, bizim ölkəyə səfərlərini planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək. Saytımızdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə edə bilərsiniz. Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək. Azərbaycanda meteoroloji müşahidələrin 100 ildən artıq tarixə malik olduğunu nəzərə alaraq illər üzrə maraqlı rekord temperatur göstəriciləri təqdim ediləcək (konkret gün üçün mütləq minimum və mütləq maksimum temperaturu)".