Əsgəri 4 ayda 32 dəfə evə buraxan komandirin CAVABI?


Digərləri 25 Sen 2019 12:38:47 232 0

Əsgəri 4 ayda 32 dəfə evə buraxan komandirin CAVABI?

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsinin sabiq bölük komandiri Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsinin sabiq bölük komandiri Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən İsrafil Vəliyev bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub: "Üç dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getmişəm. Buna görə komandirə heç nə verməmişəm. Başqalarının da pul verməsindən xəbərim yoxdur". Şahid İxtiyar Məmmədov, Fədai Tapdıqov, Sahib Tapdıqov və Nicat Süleymanov da oxşar ifadə veriblər. Daha sonra sənədlərin tədqiqi mərhələsində məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim həmin əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub. Təqsirləndirilən K.Həsənov bildirib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb: "Həmçinin, nümunəvi xidmətinə görə çox buraxılıb". Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeydiyyatı kitabının tədqiq ediləcəyini bildirib. Proses oktyabrın 1-nə təyin edilib.