İqlim sammitində qlobal istiləşməyə qarşı öhdəliklər götürülüb


Digərləri 25 Sen 2019 02:30:00 300 0

İqlim sammitində qlobal istiləşməyə qarşı öhdəliklər götürülüb

BMT-nin mənzil-qərargahında keçirilən iqlim sammitində hökumət başçıları, biznesmenlər və vətəndaş cəmiyyətinin üzvləri qlobal istiləşmənin qarşısını almaq üçün konkret milli öhdəliklər götürüblər. Qətər əmiri Tamim ben Həmad Al Tani vəd edib ki, onun ölkəsi futbol üzrə ekoloji cəhətdən təmiz dünya çempionatı keçirəcək. Almaniya Kansleri Angela Merkel bildirib ki, alman hökuməti yeni "iqlim paketi" üzrə sərmayə proqramı hazırlayıb. Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern 2028-ci ilədək keçiriləcək ağacəkmə kampaniyası haqqında məlumat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qətər Əmiri sammitdəki çıxışında deyib: "2022-ci il futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Biz ekoloji cəhətdən təmiz yarışlar keçirəcəyik. Bu, karbon qazı emissiyasının olmadığı ilk çempionat olacaq. Biz stadionda matçları günəş batareyaları ilə təchiz olunmuş texnologiyalar, o cümlədən soyutma və işıqlandırma sistemi ilə, enerjiyə və suya qənaət edilməsi şərti ilə keçirəcəyik".

Qətər Əmiri kiçik ada dövlətlərinə və daha az inkişaf etmiş ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə və təbii fəlakətlərə qarşı mübarizə məqsədilə 100 milyon dollar vəsait ayrılacağını da vəd edib.

Almaniyanın Kansleri Angela Merkel sammit iştirakçılarını təcili tədbirlər görməyə və gənclərin çağırışına səs verməyə dəvət edib. O vurğulayıb ki, qlobal problemləri yalnız birgə səylərlə həll etmək olar və Almaniya bu sahədə dərin inqilabi dəyişikliklər ərəfəsindədir. Merkel əlavə edib ki, onun ölkəsi bu yaxınlarda qlobal istiləşmə ilə mübarizə layihəsinə 54 milyard avro ayrılmasına dair sərmayə paketini razılaşdırıb.

Almaniya Kansleri BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, onun ölkəsi 2030-cu ilədək parnik qazlarının atmosferə buraxılmasını 1990-cı illə müqayisədə 55 faiz azaldacaq, 2050-ci ildə isə onu sıfır səviyyəsinə endirəcək. Niderlandın Baş Naziri Mark Rütte də bu cür vədlə çıxış edərək bildirib ki, onun ölkəsi də 2030-cu ilədək parnik qazlarının emissiyasını 49 faiz azaldacaq və 2050-ci ildə bu rəqəmi 95 faizə çatdıracaq.

Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern xatırladıb ki, onun ölkəsinin payına qlobal atmosfer tullantısının cəmi 0,17 faizi düşür. Lakin bu o demək deyil ki, həmin ölkənin əhalisi bu sahədə heç bir tədbir görməyəcək. Yeni Zelandiyada hökumət əhaliyə elektrik və ekoloji təmiz avtomobillərdən istifadə etməyi tövsiyə edir. Burada artıq elektrik enerjisinin 80 faizi bərpa olunan mənbələr hesabına istehsal edilir.

Yeni Zelandiyanın Baş Naziri ölkədə 2028-ci ilədək 1 milyard ağac əkilməsi planından da danışıb. Onun sözlərinə görə, artıq 150 milyon ağac əkilib. 2035-ci ildə Yeni Zelandiya istehsal olunan elektrik enerjisinin hamısını bərpa olunan mənbələr hesabına əldə edəcək.

Casinda Ardern vurğulayıb: "Biz neft və qaz kəşfiyyatı üçün icazə verilməsini dayandırmışıq. Bunun əvəzinə hökumətimiz "yaşıl" hidrogen və bioyanacaq istehsalına sərmayə qoyacaq. Məqsədimiz 2035-ci ildə elektrik enerjisinin tamamilə bərpa olunan mənbələrdən istehsalıdır".

(adsgarden = window.adsgarden || []).push({});