AZƏRTAC və TASS arasında növbəti təcrübə mübadiləsi proqramı həyata keçirilir


Siyasət 24 Sen 2019 18:17:00 305 0

AZƏRTAC və TASS arasında növbəti təcrübə mübadiləsi proqramı həyata keçirilir

AZƏRTAC və Rusiyanın TASS agentliyi arasında təcrübə mübadiləsi çərçivəsində növbəti proqramın həyata keçirilməsinə başlanılıb.

Bununla bağlı Azərbaycana gələn TASS agentliyinin işlər idarəsinin rəis müavini Olqa Miranskaya və beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Olqa Çertkova AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşüblər.

Görüşdə iki agentlik arasında mövcud tərəfdaşlıq əlaqələri, beynəlxalq təşkilatlarda birgə fəaliyyət istiqamətləri, əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Rəsmi əməkdaşlıq barədə müqaviləni agentliklər 15 il öncə imzalayıblar. Bu sənəd əsasında tərəflər uğurlu informasiya və təcrübə mübadiləsi həyata keçirir.

Hər il reallaşdırılan təcrübə mübadiləsi proqramı AZƏRTAC və TASS agentliklərinə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə imkan verir. İndiyədək yaradıcılıq, texniki, marketinq və digər sahələrin mütəxəssisləri bu layihədə iştirak ediblər.

Agentliklər beynəlxalq təşkilatlarda da qarşılıqlı əlaqədə fəaliyyət göstərir. AZƏRTAC 2016-cı ildən 2019-cu ilin iyununadək TASS-ın təşəbbüsü ilə 2004-cü ildə yaradılan Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. Agentliyin hazırda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) sədrliyi davam edir. Hər iki agentlik OANA-nın idarəedici qurumu olan İcraiyyə Komitəsinin üzvüdür.

Agentlikləri sıx tarixi əlaqələr bağlayır. Postsovet məkanında qocaman xəbər agentliklərindən olan TASS-ın bu il 115 yaşı tamam olub, AZƏRTAC-ın isə gələn ilin martında 100 illik yubileyi qeyd olunacaq.

Proqram çərçivəsində Rusiya agentliyinin Bakıya səfər edən əməkdaşları AZƏRTAC-dakı həmkarları ilə görüşəcək və müvafiq sahələr üzrə fikir mübadiləsi aparacaqlar.

Xatırladaq  ki, AZƏRTAC dünyanın bir çox agentlikləri ilə təcrübə mübadiləsi proqramları həyata keçirir. Bu layihələr çərçivəsində yeni texnologiyaların tətbiqi, xəbər buraxılışı işinin təkmilləşdirilməsi, sosial şəbəkələr və mobil texnologiyalar dövründə informasiyanın hazırlanması, rəqabətə davamlılıq və digər məsələlərə geniş yer verilir.