Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək


Digərləri 24 Sen 2019 14:45:53 250 0

Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək

Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - 28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək. İdarədən Trend-ə verilən məlumata görə, bu festival çərçivəsində sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq. İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır. “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər. İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub.