Rumıniyalı alimin Kamal Abdullanın yaradıcılığına həsr olunan məqaləsi çap olunub


Digərləri 24 Sen 2019 11:29:32 219 0

Rumıniyalı alimin Kamal Abdullanın yaradıcılığına həsr olunan məqaləsi çap olunub

Ədəbiyyatşünas alim Lyudmila Bejenarunun “Literaturnıy Azerbaydjan” jurnalında “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlı məqaləsi dərc olunub.

Bakı. Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Lyudmila Bejenarunun “Literaturnıy Azerbaydjan” jurnalında “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlı məqaləsi dərc olunub. Azərbaycan Dillər Universitetindən Trend-ə bildirilib ki, akademik, Xalq yazıçısı Kamal Abdullanın çoxşaxəli yaradıcılığından söz açan müəllif müstəqillik dövründən sonrakı ədəbi mənzərəni təsvir edib. Müasir ədəbi istiqamətlərin isə daha çox azərbaycançılıq, multikulturalizm, tolerantlıq üzərində inkişaf etdiyi vurğulanır. Kamal Abdullanın dünya ədəbiyyatı kontekstində özünəməxsusluğu, fərqliliyi və orijinallığı həm multikultural, həm milli, həm də mifik düşüncə müstəvisində özündə cəmləşdirdiyi qeyd olunur. Həmçinin, məqalədə Xalq yazıçısının “Kitabi-Dədə Qorqud” dastanına yeni baxış və düşüncə forması gətirməsindən, tarixi, etnoqrafik və mifik məqamların bir sistem kimi qurulmasından danışılır. Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” milli eposunu insan cəmiyyətini qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək “fərqli bir körpü” kimi müəyyənləşdirdiyi xüsusi olaraq vurğulanıb. Yazıçının yaradıcılığı özündə dərin inisiatik məna daşıyır, öz düşüncələrində fəlsəfidir və müəllif fantaziyasında hüdudsuzdur. Kamal Abdulla fəlsəfəsi dinidir, lakin onun fəlsəfəsinin coşqunluğu göylərə yönəlməyib; onun fəlsəfəsi ölümsüzlüyü təsdiqləmir. Bu fəlsəfə bəşəriyyətin varlığın və həyat məqsədlərinin mənasını yer üzərində cənnətin yaradılmasında, yəni dünyəvi həyatın elə qurulmasında görür ki, bu quruluş şəraitində insan öz mənəvi və əxlaqi keyfiyyətlərini daha tam şəkildə aşkarlaya və həyatında əsas prinsiplər kimi insanpərvərlik, xeyirxahlıq, ədalətlilik, həqiqət prinsiplərini bərqərar edə bilsin.