Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı


Digərləri 23 Sen 2019 17:33:00 207 0

Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı

«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 25 il ölkəmizin neft-qaz sənayesinin tarixində mühüm uğurlarla yadda qalıb.

Bakı. Təkcə çoxminli neftçi ailəsinin deyil, bütün Azərbaycan xalqının bayramı olan «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 25 il ölkəmizin neft-qaz sənayesinin tarixində mühüm uğurlarla yadda qalıb. Dəfələrlə qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın hansı iqtisadi çətinliklər içərisində olduğunu təsəvvür etmək çətin deyildi. «Əsrin müqaviləsi» ilk öncə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi. Ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, əlverişli investiya mühiti Azərbaycanı riskli ölkə kimi dəyərləndirib iqtisadiyyatımıza sərmayə yatırmaqda tərəddüd edən dövlətlərin, şirkətlərin narahatlığına son qoydu. Ulu öndər Heydər Əliyevin «açıq qapı» siyasəti, bu siyasətin əsas tərkib hissəsi kimi xarici investorlara ölkə iqtisadiyyatına qoyacaqları sərmayələrin təhlükəsizliyinə təminatın verilməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının daha da artmasına gətirib çıxardı. «Əsrin müqaviləsi» Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. Məhz bunun bariz nümunəsidir ki, həmin müqavilənin imzalanmasından sonra bu günə qədər 36 saziş imzalanıb. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında «Əsrin müqaviləsi»nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dövlətimizin başçısı İlham Əliyevin reallıqlara söykənən, bugünümüzün uğurlu inkişafının aydın mənzərəsini yaradan nitqini şərh edərkən bildirib. V.Rəhimzadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev mərasimdə bir daha ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları fonunda hədəfləri açıqlayıb və bu əminliyi ifadə edib ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin. «Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə əsaslanaraq səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə əsaslanan «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmaqla, eyni zamanda, xalqımızın uzun illərdən bəri arzusunda olduğu öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyini gerçəkləşdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, məhz ümummilli lider Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar» söyləyən V.Rəhimzadə qeyd edib ki, «Əsrin müqaviləsi» Azərbaycanı dünyaya investisiya üçün əlverişli ölkə kimi təqdim etdi. Həm Azərbaycan, həm də iştirakçı dövlətlər, xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. V.Rəhimzadə vurğulayıb ki, bu günümüzün reallıqlarında «Əsrin müqaviləsi»nin faydaları daha aydın görünür: “Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr sırasında «Əsrin müqailvəsi»nin aktuallaşdırdığı kadr hazırlığı məsələsini xüsusi qeyd etməliyik. Dövrün tələblərinə uyğun olaraq təkmilləşmə, yeni texnologiyaların tətbiqi kadr hazırlığını bir tələb kimi ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev nitqində bu məsələyə xüsusi diqqət yönəldərək bildirib: «Əsrin kontraktı»nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir". Baş redaktor əlavə edib ki, məhz bu gün şəxələndirmə siyasətinə üstünlük verilməsi o illərdə qoyulan möhkəm təməlin, bu günümüzə hesablanmış inkişaf strategiyasının nəticəsidir: "Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımlar atılır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını təmin etmək məqsədilə regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə edilir, ən əsası infrastruktur yenilənir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülüb. Azərbaycanın hər bölgəsi, kəndi və qəsəbəsi inkişaf dövrünü yaşayır. Son 16 ilə yaxın dövrün statistikasına diqqət yetirsək görərik ki, ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Ölkə iqtisadiyyatına 250 milyard dollar vəsait qoyulub ki, bunun da böyük qismini xarici investisiyalar təşkil edir. Eyni zamanda, qürurverici haldır ki, bu investisiyalarda daxili investisiyaların da öz payı olmaqla yanaşı, bunlar qeyri-neft sektorunda əldə edilib. Dövlətimizin başçısı İlham Əliyev nitqində bu mühüm məqamı da xüsusi qeyd edib ki, bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə, qarşıdurma, qeyri-bərabərlik, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafa sərmayə kimi qoyuldu. İqtisadi tərəqqi sosial məsələlərin həllinə geniş imkanlar açdı". "Ölkə Prezidenti İlham Əliyevin bu çağırışlarına uyğun olaraq iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapdı" söyləyən V.Rəhimzadə qeyd edib ki, əməkhaqlarının, pensiyaların, müxətlif kateqoriyalardan olan vətəndaşların aylıq maaşlarının mütəmadi olaraq artırılması, həmçinin ölkədə təhsilin inkişafı, kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi üçün təqaüd sisteminin təkmilləşdirilməsi, müharibədən əziyyət çəkən insanların müavinətlərinin artırılması və sair biri-birindən əhəmiyyətli addımlar «Əsrin müqaviləsi»nin iqtisadi əhəmiyyətini bir daha açıqlayır. V.Rəhimzadə «Əsrin müqaviləsi»nin Azərbaycanın beynəlxalq nüfuzunun artmasında rolunu da xüsusi qeyd edib. Vurğulayıb ki, Azərbaycan bir daha etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi: ”Məhz bunun nəticəsidir ki, 2017-ci ildə daha mühüm sazişə imza atıldı. «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi və sair kimi mühüm hadisələr Azərbaycanın dünyanın enerji siyasətində yeri və roluna aydınlıq gətirir. Dövlətimizin başçısının bildirdiyi kimi, yeni kontraktlar imzalanır, neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edib”. Baş redaktor qeyd edib ki, «Əsrin müqaviləsi»nin Azərbaycana qazandırdığı uğurların miqyası düşündüyümüzdən daha böyükdür: “Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır, bu strategiya hələ qarşıdakı onilliklərdə ölkəmizə daha böyük uğurlar gətirəcək. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə həm iqtisadi imkanlarını genişləndirir, həm də yeni tərəfdaşlar qazanır. Bu gün Azərbaycan xalqının dünyanın 10 xoşbəxt xalqı arasında xüsusi yer tutması təbii ki, böyük uğur olmaqla yanaşı, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin dayanmasına verilən böyük qiymətdir. O xalq xoşbəxtdir ki, onun bu gününü və gələcəyini özündə ehtiva edən siyasət həyata keçirilir. Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə Xəzər dənizini dünyaya açması xalqımızın xoşbəxt gələcəyini düşünməsindən irəli gəlib. Məhz bu uğurlara söykənərək dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirib ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”. V.Rəhimzadə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ardıcıllarının davamlı olacağını, beynəlxalq maliyyə qurumlarının proqnozlarında da qeyd edildiyi kimi, enerji layihələrindən dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olması nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsinin tamamilə heçə enəcəyini bildirib. Azərbaycan dövlətinin həyata keçiridyi siyasətin əsasında «güclü dövlət, yüksək rifah» prinsipinin əsas götürülməsini şərtləndirən amillər sırasında neft strategiyasının rolu inkaredilməzdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin