DSXnin sərhəd zastavasında silahlı insident:


Digərləri 23 Sen 2019 12:47:53 246 0

DSXnin sərhəd zastavasında silahlı insident:

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop mad­dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mü­ha­fizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 20-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo­bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar­­ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağ­la­ma götü­rərək hadisə yerin­dən uzaq­laş­mağa cəhd edərkən sərhədçilər tərə­findən ona "dayan" əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­ıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös­tərib, baş leytenant Al­lahverdi İsmayılova bı­çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər­hədçi zabit şücaət nü­mayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlayıb.

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar­­­dım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılmış bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram "marixuana", 1 kq 10 qram "tiryək" və 450 qram "heroin" narkotik vasitə aşkarlanaraq götürülüb.