Şəhriyar Məmmədyarovdan məğlubiyyət şərhi - özünü Hollandiya millisinə, Rəcəbovu Buffona bənzətdi


İdman 23 Sen 2019 10:36:00 222 0

Şəhriyar Məmmədyarovdan məğlubiyyət şərhi - özünü Hollandiya millisinə, Rəcəbovu Buffona bənzətdi

Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında Teymur Rəcəbova məğlubiyyətini şərh edib.

Goal.az xəbər verir ki, 34 yaşlı qrossmeyster öz "Facebook" profilindən etdiyi paylaşımda T.Rəcəbova növbəti mərhələdə uğurlar arzulayıb: “Dəstəyinizə görə təşəkkür edirəm. Son oyunda “GH” gedişi yerinə “H6” olsaydı, qalib gəlirdim. Həmçinin ilk görüşdə də uda bilərdim. Əsas odur ki, gözəl şanslarım vardı, amma istifadə edə bilmədim. Taleyimdən, qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, uğurlu çıxışı davam edər. Özümə isə gələcəkdəki yarışlarda daha diqqətli olmağı arzu edirəm. Sevinirəm ki, sevimli ailəmin, oğlumun yanında olacağam. Çempion olmaq qismətimizdə var. Bu gün olmasın, sabah olsun! Hamıya təşəkkür edirəm, yaxşı ki, varsınız. İnşallah, gözəl geridönüş olacaq. Mən futbolda Hollandiya milli komandası kimiyəm. Gözəl oynayıb məğlub oldum. Hər şey yaxşıdır. Sadəcə, çox gözəl oynamışdım. Heyif əziyyətə. Qapıda Buffon dayanmışdı”.

Şahı tay-breykdə məğlub edən Teymur Rəcəbov 1/4 finalda ABŞ şahmatçısı Ceffri Şonqa qarşı ilk görüşünü bu gün saat 16:00-da keçirəcək.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.