"Papanin" 7 ildən sonra açıldı (FOTO)


Digərləri 23 Sen 2019 10:30:35 186 0

"Papanin" 7 ildən sonra açıldı (FOTO)

Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bakı. Ceyhun Ələkbərov - Bakının Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir ki, bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, agentlik tərəfindən Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib. İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin sitifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək. Aparılan təmir-tikinti işləri çərçivəsində tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağı avtoqreyderlə profilə salınıb, optimal qum-qırmadaş qarışığından əsas işlənilib. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınıb. Uzunluğu 550 metr olan küçənin sözügedən hissəsi boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.