Məleykə Abbaszadə: Təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər kəslə əməkdaşlıq etməyə hazırıq


Digərləri 23 Sen 2019 10:37:01 217 0

Məleykə Abbaszadə: Təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər kəslə əməkdaşlıq etməyə hazırıq

Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.

Bakı. İlhamə İsabalayeva - Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Assoiation for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, bu konfrans Bakıda ilk dəfə 2007-ci ildə keçirilib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində təhsilə təsirsiz ötüşməyib". M.Abbaszadə əlavə edib ki, bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır: "Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.