AXCPnin troll şəbəkəsi: 16 WhatsApp, 7 Facebook qrupu


Siyasət 23 Sen 2019 09:00:00 224 0

AXCPnin troll şəbəkəsi: 16 WhatsApp, 7 Facebook qrupu

"Əli Kərimlinin trolları", "Trol yığını"... Bu ifadələr son üç ildə sosial şəbəkə fenomeni səviyyədən çıxaraq ölkənin müxalifət düşərgəsinin və hətta iç siyasətinin atributuna çevrilib. Kimdir o trollar, necə idarə olunur, nə edirlər?

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı "WhatsApp" qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin trol şəbəkəsini ifşa edib.

Səs yazısında etiraf olunur ki: "Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada.

Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız?

İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm.

Bəs nə işlə məşğulsuz?! İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz.

Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütfi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?"

AXCP-nin sosial şəbəkələrdə trollarına müxtəlif insanlar rəhbərlik edirlər. Facebook-dakı trolların "rəhbəri" Əli Kərimlinin bilavasitə özüdür. Yardımçıları isə İlham Hüseyn, Məmməd İbrahim və Emil Səlimovdur.

Səs yazısının məxsus olduğu Rəşid Turabov isə "müavin" statusuna malikdir.

Əli Kərimlinin Facebook-dakı səhifəsində fəallığa çağıran, "Ya bu partiyada qalın, ya da biz işimizi bilək!" söyləyəyən Turabovu indi az qala qəhrəman, müstəsna demokrat və s. kimi təqdim etməyə çalışan "əliçilər" həmişəki kimi, heç nəyi etiraf etmir, hər şeyi danırlar.

Gerçək isə budur ki, AXCP partiya kimi artıq, əfsuslar olsun, fəaliyyət göstərmir. Yəni daha dəqiq desək, bu struktur siyasi partiyanın klassik tərifinin çərçivələrini tərk edərək cəmiyyətlə təşkilat arasındakı münasibətləri könüllü şəkildə dağıtmaqla, məhv etməklə məşğuldur.

"Bu rejim..." ifadəsi ilə başlayan isterik çağırışlar siyasət, mitinqə haylamaq demokratik fəaliyyət, sosial şəbəkələrdə bir nəfərin volüntarist davranışına haqq qazandıraraq onu bütləşdirmək isə vətəndaş cəmiyyətinin quruculuğu deyil.

AXCP-ni içdən dağıdan, mənəvi tənəzzülə uğradan, müxalifət düşərgəsinin bir zamanlar real lideri səviyyəsindən aşağıya, demaqogiya və isteriya bataqlığına salan elə həmin bir nəfərin "balaca diktator" davranışıdır.

Əli Kərimli, ümid edirəm, Çarli Çaplinin "Balaca diktator" filminə baxıb. Baxıbsa, onun dahi aktyorun çatdırmaq istədiyi messicləri anlamaması təəssüf doğurur.

Çünki Əli Kərimli məhz həmin obrazın inikasıdır sanki.

Əli Kərimli AXCP-nin sədri yox, AXCP onun partiyası olub və bu, çox pisdir.

O dərəcədə pisdir ki, partiyanın real üzvlərinin sayını bilmək istəyiriksə, sintetik bloqer Əli Kərimlinin Facebook səhifəsinə nəzər salmaq kifayətdir. Orada AXCP sədrinin paylaşımlarındakı bəyənmələrin sayı aktiv, real "cəbhəçi"lərin statistikasıdır. Yazılan şərhlərə gəldikdə isə, AXCP üzvləri sədrlərinin hikkəsinə, kininə və ambisiyalarına bələd olduqlarından qisasçılıq zəminində cəza almamaq üçünn "bu rejim..." tipli, bayatılara çevrilmiş ifadələr yazaraq işlərini bitmiş sayırlar.

AXCP-nin kağız üzərində minlərlə üzvü var, amma onların total çoxluğu heç üzvlük haqlarını belə, ödəmir. Bu adamların arasında partiya vəsiqəsindən xaricə mühacirət vasitəsi kimi istifadə etmək niyyətində olanların sayı sürətlə artır.

Mitinqlərdə selfi, polisi təbdən çıxarmaq və bilərəkdən qayda-qanun pozuntusu edərək qısamüddətli saxlanma, yaxud da "ən yaxşı halda" həbslə qürrələnmək, bunu sənədləşdirmək və sonda xaricə qaçmaq - cəbhəçilərin arasında bu planla yaşayanlar azalmır. Əksinə, çoxalır.

16 WhatsApp, 7 Facebook qrupu - bu, Əli Kərimlinin siyasi mövcudluğunu şərtləndirən reallıqdır.

Sxem çox sadədir. Bu qruplar vasitəsilə idarə olunan və trola çevrilən şəxslər kampaniyyalara vadar olunur. Onların öhdəlikləri Əli Kərimlinin sosial şəbəkələrdəki paylaşımlarını, açıqlamalarını "bəyənmək", şərh yazmaqdır. Bundan başqa, Facebook-da xüsusi "YouTube qrupu" da var.

Həmin qrup isə Ə.Kərimlinin "müstəqil bloqer"lərin YouTube kanallarına verdiyi müsahibələri, xüsusilə də canlı yayımlardakı boşboğazlıqları zamanı mütləq "xəttə qoşulmalı", şərh yazmalı, "bəyənmə" və paylaşmalar etməlidirlər.

"YouTube" qrupundakı 372 nəfərin hər birinin minimum 10-16 boş Gmail-də poçt ünvanı var. Adi hesablama aparsaq, Ə.Kərimlinin istənilən puç açıqlamasının yer aldığı canlı yayımda minimum 3700 "like", o qədər paylaşım olacaq. Şərhlərin sayına gəldikdə isə, rəqəm ən azı iki dəfə artıq olur və bu da 7 minə yaxın şərh deməkdir.

Beləliklə, Ə.Kərimli ilə bağlı "sosial şəbəkələrdə həddən ziyadə maraq doğuran, açıqlamaları kütlə tərəfindən bəyənilən və təqdir olunan siyasətçi" obrazı yaradılır.

Belə absurd və komik mənzərə ABŞ-a sığınmış "müstəqil bloqer", Kərimlinin sözçüsünə dönmüş Sevinc Osmanqızının "Osmanqızı TV" YouTube kanalında daha bariz və primitiv şəkildə gerçəkləşdirilir. Məsələn, əksər hallarda 7, 10, hətta 14 müxtəlif nikdən təxminən eyni sözlər və ifadələrlə şərhlər yazılır. Bəzən isə guya "ayrı-ayrı adamlar" eyni cümlələr yazırlar. Bu, ya 10-15 adamın eyni vaxtda eyni cür düşünüb eyni sözlər yazması təki kütləvi paradoks sayıla bilərdi - bəsit və eybəcər trol sxemi olmasaydı.

Həmin trollar arasında ən ustası "Allahverdi_Türk" və "Demokrat" nikləri sayıla bilər. Bu niklərin arxasında gizlənən adamların (onlar ayrı-ayrı şəxslərdir) hər biri 24 profildən şərh, "like" və paylaşım "istehsal"ı ilə məşğuldur.

Əli Kərimlinin YouTube-dakı trolları arasında ən maymağı isə "Vətən_Oglu"dur. O, sözügedən niklə yazdığı şərhləri 18 ayrı profildən təkrarlayır ki, bu da əks-səda effekti yaratmaqla yanaşı, trolun fəaliyyətini aşkarlayır.

Facebook-da da eyni mənzərədir. 16 WhatsApp, 7 Facebook qrupu vasitəsilə idarə olunan, trol halına salınmış adamlar Ə.Kərimlinin Facebook səhifəsinin daimi sakinləridir. Həmin səhifədə Ə.Kərimlini tənqid edəni trollar dərhal hədəfə alır, hücumlara məruz qoyur, "hakimiyyətin trolu" adlandıraraq təhqir edirlər.

Digər taktika isə AXCP-nin "rəqibi", "düşməni" və ya "maraq dairəsinə müdaxilə edən" elan edilən şəxsə, yaxud şəxslərə qarşı mütəşəkkil hücumlardır.

Az qala bullinq təsiri bağışlayan belə aksiyaların istisnasız olaraq hamısından Ə.Kərimlinin xəbəri var. Çünki ona sonradan məruzə olunur.

... AXCP-ni marginallaşdıran, cəbhəçilərin arasında trolluq mərəzini yaymağa çalışan Əli Kərimli voluntarist və diktaturaya meylli adam olmaqla yanaşı, çox uğursuz siyasətçidir.

26 illik uğursuzluqlar, məğlubiyyətlər seriyasının bundan sonra davam etməsini istəməyən cəbhəçilərin artıq özlərinə yeni lider seçmək zamanı çatıb.

Elçin Alıoğlu Son.az