“Breksit”lə bağlı Britaniya leyboristləri arasında parçalanma baş verib


Dünya 22 Sen 2019 16:05:00 239 0

“Breksit”lə bağlı Britaniya leyboristləri arasında parçalanma baş verib

Böyük Britaniya müxalifətinin əsas siyasi qüvvəsi sayılan Leyboristlər partiyasında "Breksit"lə bağlı izlənəcək strategiya ilə əlaqədar böhran yaranıb.

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.

Qəzetdən verilən informasiyaya görə, partiyanın siyasət şöbəsinin rəhbəri Endryu Fişer leyboristlərin sıralarını tərk edə bilər. Onun lideri Ceremi Korbinlə tərs düşdüyü bildirilir. E.Fişer partiyadaşlarına göndərdiyi məktubda C.Korbini peşəkarlıqdan uzaq, səriştəsiz və ləyaqətsiz adlandırıb. Bundan başqa o, Ceremi Korbinin sədrliyi altında gələcək seçkilərdə qalib gəlmək perspektivinə şübhə ilə yanaşdığını açıqlayıb. Məktubda E.Fişer partiyanın xəttindəki "yalan və düzəlişlərdən bezdiyini" qeyd edib. "The Sunday Times" hazırda Ceremi Korbinə daxildən böyük təzyq göstərildiyini və bu səbəbdən onun postunu vaxtından qabaq tərk edəcəyini yazıb. Xatırlayaq ki, bundan daha öncə mətbuat leyborist liderin ABŞ-la Böyük Britaniya arasındakı kəşfiyyat məlumatlarını Rusiya tərəfinə ötürə biləcəyi barədə xəbərlər çıxmışdı. The Telegraph ABŞ prezidenti Donald Trampın müşavirlərinin hətta bu barədə xüsusi məruzə hazırladıqlarını da xəbər edib. Sənəddə C.Korbinin hakimiyyətə gəlməsi halında Böyük Britaniyanın ABŞ-ın etibarlı partnyoru statusunu itərəcəyi və Rusiyaya qarşı aktiv mövqedən vaz keçəcəyi vurğulanıb.