Müdiri ilə birlikdə özünü partlatmağa cəhddə ittiham edilən şəxsə ağır cəza tələbi


Kriminal 22 Sen 2019 15:38:48 259 0

Müdiri ilə birlikdə özünü partlatmağa cəhddə ittiham edilən şəxsə ağır cəza tələbi

Müdirini öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Sonuncu məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsə ağır cəza istəyib.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi əmələ görə Şirin Astanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmişin nümayəndəsi çıxışında cəza ilə razılaşdıqlarını bildirib. Şirin Astanovun vəkili isə cəza ilə razılaşmayıb və geniş çıxış üçün məhkəmədən vaxt istəyib. Vəkil deyib ki, məhkəmə istintaqı dövründə israrla zərərçəkmiş şəxsin məhkəməyə gətirilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Müdafiəçi deyib ki, Şirin Astanov ittihamda deyildiyi kimi müdirini partladaraq öldürmək istəyibsə, onda müdirin özü də məsuliyyətə cəlb edilməlidir. Çünki müdir də Şirin Astanovu ölüm həddinə çatdırıb. Məhkəmə iclası sentyabrın 27-də davam etdiriləcək. Xatırladaq ki, hadisə bu ilin martında Sumqayıtda yerləşən "Azkompozit" MMC şirkətində baş verib. Şirkətin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov direktor Rəsul Baxşəliyevin kabinetinə gəlib. Ondan əvvəlki işinə bərpa olunmasını tələb edib. Tərəflər arasında mübahisə yaranıb. Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına atıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dindirilən şahidlərin ifadələrindən baş verən cinayətin təfərrüatları məlum olub. Şahid Nailə İbrahimova ifadə verən zaman hadisə baş verən "Azkompozit" MMC şirkətinin mühasibi olduğunu deyib. Bildirib ki, Şirin Astanov işdən çıxmadan öncə onunla da görüşüb: "İşdən çıxmaq ərizəsini mənə təqdim edib. Özü öz ərizəsi ilə işdən çıxıb. Heç bir narazılıq yox idi". Hadisə günü baş verənləri danışan Nailə İbrahimova yaşananları müəssisənin rəhbərinin köməkçisi Aynur xanımdan eşitdiyini deyib: "Aynur dedi ki, Şirin dayı ofisə gəlib. Direktorla görüşmək istədiyini deyib. Amma direktorun vaxtı olmadığı üçün onu geri qaytarıb. Şirin dayı bir neçə dəqiqədən sonra qayıdaraq Aynuru itələyərək otağa keçib. Aynur bunları danışanda əsirdi". Hakim şahidədən soruşub ki, Aynur ona direktorla Şirin Astanovun əlbəyaxa davasından danışıb? Nailə İbrahimova suala "yox" cavabını verib. Hakim isə xatırladıb ki, Nailə İbrahimova istintaqda fərqli danışıb. "Demisiniz ki, Aynur davanı görüb. Görüb ki, müdir Şirin Astanovu yerə yıxaraq üstündə oturub. Əllərindən tutaraq yerə çırpıb. Bu zaman Şirin Astanovun əlindən qumbara otağa düşüb"- deyə hakim xatırlatma edib. Nailə İbrahimova istintaqda belə bir ifadə vermədiyini deyib. Hakim əlavə edib ki, Aynur da istintaqda dediklərini məhkəmədə təkzib edib. Prosesdə hadisənin əsas şahidlərindən Rəsul Məmmədov da ifadə verib. Müəssisədə mühəndis işlədiyini deyən Rəsul Məmmədov deyib ki, direktorun otağından səs gələndə otaqdan çıxaraq ora gedib: "Aynurun səsinə qaçdım. Otağa keçəndə gördüm ki, Şirin dayı yerdədir. Rəsul müəllim də onun sinəsində oturub. Onları sakitləşdirmək istəyirdik. Bu vaxt qumbara ayağımın altında düşdü. Özümü itirdim, bir anlıq donduq. Qumbaranı vurub ayağımın altından uzaqlaşdırdılar. Mən dedim bəlkə indi partlayacaq. Hamımız birlikdə gedəcəyik. Qışqırdım ki, gəlin buradan çıxaq". Suallara cavab verən Rəsul Məmmədov deyib ki, təxminən yarım saat sonra polis əməkdaşları gəlib. Şirin Astanov polisə təhvil verilib, ANAMA da qumbaranı zərərsizləşdirmək üçün müəssisəyə gəlib. Şirin Astanov şahiddən soruşub ki, üzünün qan olmasının səbəbi nə idi? Şahid deyib ki, otaqda qarmaqarışıqlıq olduğu üçün Şirin Astanovu kimin vurduğunu görməyib. Rəsul Məmmədov əlavə edib ki, Şirin Astanov hadisə vaxtı əsəbi olub. Digər şahid müəssisənin Xammal Anbarının rəisi Ramiz Əliyev olub. O da Rəsul Məmmədovla eyni məzmunlu ifadə verib. Şahidlərin hamısı Şirin Astanova "Şirin dayı" deyərək müraciət etdiklərini, onun mülayim, heç kimlə problemi olmayan şəxs kimi tanıdıqlarını deyiblər.