“Nəsimi” stansiyasında bıçaq zərbələri:


Kriminal 22 Sen 2019 14:54:00 269 0

“Nəsimi” stansiyasında bıçaq zərbələri:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Türkmənistan  vətəndaşı 47 yaşlı Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasında baş verib. Stansiyanın platformasında 47 yaşlı Elnarə Quliyevanı bıçaqlayan V.Abdullayev hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətə aparıb çıxaran səbəblər isə  belə görünür ki, həm də yoxsulluq, işsizlik və evsizlik kimi sosial problemlər olub.

İstintaq araşdırıb ki, V.Abdullayevlə E.Quliyeva 1998-ci ildən qeyri-rəsmi olaraq bir yerdə yaşayıblar. 2014-cü ildən etibarən  Elnarə Vahiddən ayrılıb. Vahid ona dəfələrlə zəng vuraraq barışmaq istəyib. Əks təqdirdə öldürəcəyi ilə hədələyib. Elnarənin "mənə heç nə edə bilməzsən" deməsindən və telefonu söndürməsindən əsəbləşən Vahid onunla haqq-hesab çəkmək qərarına gəlib. Evdən bıçaq götürüb, Elnarənin metropolitendə xadimə işləyən bacısı Şailənin yanına gedəcəyini güman edərək oraya yollanıb. Platformada pusquda dayanaraq onun qatardan düşməsini gözləyib. Qadına yaxınlaşaraq bayıra çıxmasını tələb edib, razılaşmadığını görəndə bıçaqla zərbələr endirib. Ətrafda qatar gözləyən şəxslər və polis əməkdaşları hadisəyə müdaxilə etdiklərindən onu Elnarəni öldürə bilməyib. E.Quliyeva təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

"Elnarəylə ailə qurdum, onu özümlə Türkmənistana apardım"

Təqsirləndirilən Vahid Abdullayev ifadəsində ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində Ucar rayonunda anadan olduğunu, 1978-ci ildən 2004-c ilədək Türkmənistanda yaşadığını, oradakı qohumlarından birinin vasitəsilə Elnarənin bacısı Şailəni tanıdığını deyib: "Şailənin vasitəsilə onun Azərbaycanda yaşayan bacısı Elnarəylə tanış olmuşdum. Onunla danışıb razılaşdıqdan sonra 1998-ci ildə Azərbaycana gəlib Elnarəni özümlə Türkmənistana aparıb ailə qurdum. Beş il orada yaşadıq. Birgə nikahdan 19 yaşlı oğlumuz var. Elnarə deportasiya olunduğuna görə oğlumla birgə Lənkərana - anasıgilə gəldi".

Türkmənistanda həbs həyatı

Qonşu respublikada yaşadığı müddətdə V.Abdullayev iki dəfə - dövlət əmlakını taladığına və adam döydüyünə görə məhkum olunub. Ailə üzvləri Azərbaycanda yaşadığına görə Vahid də həbsdən çıxandan sonra onların ardınca vətənə köçüb, birlikdə müxtəlif ünvanlarda kirayə yaşayıblar. Fəhləlik etməklə ailəsini dolandıran Vahidin maddi vəziyyəti ağır olsa da həyat yoldaşının işləməsinə icazə verməyib: "Təbitcə qısqanc adamam. Arvadımla aramızda tez-tez mübahisələr olurdu. Beş bacısı bizim ailə işlərimizə müdaxilə edirdi. Ailəmiz onun bacılarının ucbatından dağıldı. Hətta Şailə rayonda anasının yanında olan Elnarəni yataqxanaya öz yanına köçürmüşdü. Həmin vaxtlar mən ustalıq edib rayona pul göndərirdim. Oğlum liseydə oxuduğuna görə xalasıgildə qalırdı. Anasının oraya köçməsini də oğlum mənə demişdi".

"Dedim işləmə, hər gün sənə 20 manat verəcəyəm"

Vahidin ifadəsinə görə, arvadının paytaxta köçdüyünü eşidən kimi birbaş baldızı evinə gəlib. Mənzil sahibi yeznəsiylə mübahisə edib, onu tutduracağı ilə hədələyib, evdən qovub. Şailənin digər bacılarının ailəsini dağıtdığından öz ailəsinin dağılmasından ehtiyat etdiyini, bu səbəbdən də yaxınlıqda mənzil kirayələdiyini və kənardan arvadına nəzarət etdiyini deyib. Nəhayət, ər-arvad qutab satmaq üçün balaca bir obyekt götürüblər. Üç ay həmin obyekti işlədiblər. İcarə haqqını ödəyə bilmədiklərin obyekti təhvil veriblər. Elnarəylə belə razılığa gəliblər ki, sonuncu heç yanda işləməsin, hər gün ona 20 manat verəcək.

"Elnarə Şailənin evində qalırdı. İşim zəiflədiyi üçün ona 20 manat verə bilmirdim. O da mənimlə görüşməkdən yayınırdı. Axır vaxtlar mebel sexində fəhlə işləyirdi. Onun işləməsini istəmirdim. Bir neçə dəfə iş yerinə getdim, axtarıb tapmaq istədim, tapa bilmədim. Elnarə həmişə Şailənin xadimə işlədiyi "Nəsimi" metrostansiyasına gəlir, birgə evə gedirdilər. Elnarəylə təklikdə görüşüb söhbət etmək istəyirdim, neçə dəfə zəng vurdum, cavab vermədi",-təqsirləndirilən şəxsin ifadəsində belə deyilir.

Zəng vurub deyir: "Səni harda tutsam öldürəcəyəm..."

Hadisədən bir neçə gün öncə Vahid Elnarəyə zəng vurub yenidən bir yerdə yaşamağı təklif edib, əks təqdirdə harada tutsa onu öldürəcəyini deyib. Elnarə isə onu cəsarətsiz olmaqda ittiham edərək ünvanına söyüş söyüb: "Əsəbimdən telefonu yerə çırpdım. Elnarənin hərəkətləri məni daha da hiddətləndirdi deyə onunla haqq-hesab çəkmək qərarına gəldim. Kirayədə yaşadığım evi təhvil verdim, əşyalarımı torbaya yığdım və bıçaq götürüb evdən çıxdım. Elnarəylə söhbət etmək üçün iki gün "Nəsimi" metrosunun qarşısında müşahidə apardım, ərazidəki oturacaqlarda gecələdim".