Britaniya kəşfiyyatı Rusiyanın əlində şahzadə Endryuya qarşı kompromatın olmasından şübhələnir


Dünya 22 Sen 2019 14:48:00 292 0

Britaniya kəşfiyyatı Rusiyanın əlində şahzadə Endryuya qarşı kompromatın olmasından şübhələnir

Böyük Britaniyanın kəşfiyyat strukturlarının rəhbərləri Rusiyanın York hersoqu, şahzadə Endryuya qarşı kompromata malik olmasından şübhələnirlər. 

Son.az musavat.com-a istinadən bildirir ki, "The Times" qəzetinin yazdığına görə, bu, amerikalı pedofil milyarder, azyaşlı qızlara təcavüz etməkdə və onları başqalarına pulla satmaqda günahlandırılaraq həbs olunan, lakin təcridxanada müəmmalı şəkildə dünyasını dəyişən Ceffri Epşteyn işi ilə əlaqədardır.

Qəzetdə gedən yazıya görə, problem ABŞ-ın keçmiş zabitinin Rusiyaya keçməsindən yaranıb. Həmin zabitin isə məhz "Epşteyn işi"nin materiallarına çıxışı olub. Artıq məsələ Böyük Britaniyanın xarici kəşfiyyat xidməti sayılan "Mİ6" tərəfindən incələnir.

Con Duqan adlanan həmin polis zabiti Florida ştatının Palm-Biç dairəsi şerifinin (polis rəisi) müavini vəzifəsində çalışıb. Cinayət işi üzrə tərtib olunan materiallarda şahzadə Endryunun seksual təcavüz ittihamlarından qurtulmaq cəhdləri ilə bağlı dəlillər yer alıb.

Belə ki, Ceffri Epşteynə qarşı ittiham aktında Virciniya Jufre adlı qadın 17 yaşında olarkən amerikalı milyarderin Londondakı malikanəsində şahzadə tərəfindən zorlandığını deyib. York hersoqu bütün bu ittihamları qətiyyətlə rədd edir.