Xəzər rayonunda 24 km uzunluğunda yol yenidən qurulur (FOTO)


Digərləri 22 Sen 2019 11:35:18 266 0

Xəzər rayonunda 24 km uzunluğunda yol yenidən qurulur (FOTO)

Bu, “Badam bağları”, Südçülük sovxozu” və “Binə aqrokompleksi” yaşayış massivləridir.

Bakı. Samir Əli - Prezident İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda genişmiqyaslı işlər həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, Xəzər rayonunda görülən işlər vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan qəsəbədaxili yollarını əhatə edir. Hazırda bu çərçivədə 24 km uzunluğunda bir-neçə yolda təmir-tikinti işləri gedir. Söhbət rayonun 3 yaşayış massivinin yollarından gedir. Bu, "Badam bağları", Südçülük sovxozu" və "Binə aqrokompleksi" yaşayış massivləridir. Sözügedən yaşayış massivlərinin yolları ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə hərəkətdə ciddi maneələrə səbəb olurdu. Məhz ölkə başçısının tapşırığına əsasən, yolların yenidən qurulması ilə sadalanan problemlər də geridə qalır. Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 160 min kv.m-dən çox sahəni əhatə edib. Hazırda "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yollar boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir. Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.