Nə eşq olaydı, nə aşiq... Azərbaycanın səhnədə can verməyi arzulayan “KOR ƏRƏB”i


Kriminal 21 Sen 2019 15:54:00 261 0

Nə eşq olaydı, nə aşiq...  Azərbaycanın səhnədə can verməyi arzulayan “KOR ƏRƏB”i

Son.az Modern.az-a istinadən Məmmədəli Əliyev haqdamaraqlı yazını oxucularına təqdim edir. 

Kor ərəb yandırıb-yaxırdı... Məmmədəlini də bu oda qalamışdı. Görəsən, sənət yanğısıydı, yoxsa bir ərəbin kor bəxtinəmi ağı deyirdi?! Bəlkə, öz dərdləriydi onu belə oxudan?!   Bircə himə, bəhanəyə bəndiymiş kimi. Kimsə bilməz, özündən savayı...

...Əliqulu kişi bu dünyadan köçəndə gözü arxada qaldı. Uşaqları hələ körpəydi, heç birinin əli çörəyə çatmamışdı. Gümanı təkcə ömür-gün yoldaşı Xədicə xanımaydı. O gündən  Xədicə xanım yeddi körpəylə bir dam altında qaldı.

...Məmmədəli uşaqlarının ilkiydi.  Amma anası onun da, balacaların da ixtiyarını qızların böyüyünə vermişdi.

Bacısı Töhfə Əliyeva:

-Anam hər səhər uşaqları yuxulu-yuxulu qoyub işə gedirdi. Uşaqlar da, ev-eşik də mənə baxırdı. Anam tapşırırdı ki, mən gələnə kimi uşaqları həyətə çıxmağa qoyma.  Kim sözünə baxmasa, cəzasını ver. Məmmədəli heç vaxt dəcəllik eləmirdi. Məni hamıdan çox istəyirdi. İş-gücdə də dadıma çatırdı. Özü də qız kimi səliqəliydi, tökdüyünü yığışdıranıydı. Dükan-bazara da onu göndərirdim. İşimizi yerbəyer eləyəndən sonra  başlayırdıq "Çilikağacı", "Gizlənqaç", "Qaçdı-tutdu" oynamağa"...

Tanrı bu ailəyə ayrıca istedad, bacarıq  vermişdi, evdə hər kəsin gözəl səsi vardı.

- Atamdakı səs Allah vergisiydi. Avazıyla, dərvişliyiylə tanınardı. Çoxunun toyunu, xeyir işini o yola vermişdi. Adına Dərviş Əliqulu deyərdilər. Onun şirin səsi qardaşıma da keçmişdi. Məmmədəli balacalığından oxuyanıydı. Bir iş görən kimi zümzümə eləməyə başlayırdı. Özü də səsini atama oxşadırdı. Həmişə anam deyirdi ki, atan oxuyanda Məmmədəli oturub diqqətlə qulaq asırdı. Sən demə, atamın hərəkətlərini, necə oxuduğunu bala-bala yığışdırırmış. Mən də Məmmədəlidən "oğurlayırdım".  O oxuyan kimi bir yerə girib gizlənirdim.  Dinməzcə qulaq asırdım. Fikirləşirdim, görəsən, mən də onun kimi oxuya bilərəm? Xəlvətə düşəndə onu yamsılayırdım. Görəndə ki alınır, sevindiyimdən atılıb-düşürdüm. O vaxtlar İsmayıl Rzayev-Ağabacı Rzayevanın atası bizə gəlib-gedirdi. O çalırdı, Məmmədəli də oxuyurdu. Mən də, bacım Leyla da qulaq asırdıq.

Məmmədəlinin söz düzüb-qoşmağı da vardı. Təxəllüsü "Sail"idi.  Bu imzayla 300-ə qədər şeir yazmışdı. 

- O vaxt imza sirrini təkcə bacım Leylaya  demişdi. Bir gün mən də öyrəndim. Soruşdum ki, ay Məmmədəli, niyə şeirlərini "Sail" adıyla yazırsan? Dedi,  "Sail" "avara", "dərdli" deməkdi. Elə mən də dərdin avarasıyam. Fikir eləyirdi, kasıbçılığımızı ürəyinə salırdı. Anamın əzab-əziyyətinə dözə bilmirdi. Yazıq arvad bizdən ötrü saçını da kəsib satmışdı..."

Məmmədəlinin oxumağından məktəbdə də xəbər tutmuşdular. Bir tədbir olan kimi onu axtarırdılar:  

- Müəllimləri anama tapşırmışdı ki,  nəbadə oğlunu başqa sənətə qoyasan. Ondan yaxşı xanəndə çıxacaq. Bu sözü Əhməd Bakıxanov da deyirdi. Qonşumuzuydu, ailəmizə də yaxın adamıydı. Görürdü ki, Məmmədəlinin istedadı var. Mənim də səsimi bəyənmişdi. Hər dəfə evimizə gələndə ordan-burdan söhbət eləyib axırda sözü gətirirdi  bizim üstümüzə.

1940-41-ci illəriydi,  axır ki, anamdan icazə alıb bizi öz ansamblına gətirdi. Qardaş-bacı bir yerdə oxuyurduq. 42-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 45-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına getdi. Mənsə daha oxumadım...

...Axır vaxtlar bacıları Leylanın, Töhfənin Məmmədəlidən gözü su içmirdi. Oğlan nəsə dəyişmişdi elə bil. Bacılar bir də ayıldılar ki, Məmmədəliylə xalası qızları Böyükxanım bir-birinə aşiqdilər. Bu sevda hamının ürəyindən xəbər verdi. Evləndilər. Amma sevgiləri qısaömürlü oldu, ayrıldılar.

Yenə sevgi... yenə həyəcan...Məmmədəli teatrda qəşəng bir qıza vurulmuşdu. O  qız Zöhrəxanım idi:

- Dava vaxtıydı, qızları da cəbhəyə çağırırdılar. Mənə də "poveska" gəlmişdi. Qardaşım döyüşdəydi, anam da xəstə. Özümsə tələbəydim. Bir dəfə təsadüfən qəzetdə oxudum ki, Milli Dram Teatrında teatr studiyası açılıb. Orda işləyənləri əsgərliyə çağırmırdılar. Getdim,  yoxladılar.  Etüd göstərdim, rəqs elədim, şeir dedim. Xoşlarına gəldi. Amma Azərbaycanca yaxşı danışa bilmədiyimə görə bir az tərəddüd elədilər. Sonra dedilər, gözəlsən, teatrda saxlamaq olar. O gündən işləməyə başladım. Məmmədəlini də orda gördüm. Qaraqaş, qaragöz oğlanıydı. Hiss eləyirdim ki, mənə meyli var. Bir gün yaxınlaşıb məni sevdiyini dedi. Özümü itirdim. Sonra dedim ki, mənim qardaşım davadadı, o qayıtmayınca ərə getmək istəmirəm. Amma ürəyimə girmişdi. Evdə anama danışdım, gördüm, narazıdı. Sonra bir  söz demədi. Mən də Məmmədəliyə "hə" verdim.  

Bacısı Töhfə Əliyeva:  

- Məmmədəli də gəlib evdə demişdi ki, istədiyi qız var. Anamın ağzını arayırdı, görsün, nə deyir.  Anam da qayıtmışdı ki, elə şey yoxdu, birincidən gördüyümü görmüşəm.

Bir gün hamımız evdə oturmuşduq, qapı açıldı. Gördük, Məmmədəli bir qəşəng qızın əlindən tutub içəri girdi. Hamımız məəttəl  qaldıq. Anam  daha bir söz demədi.

Xudmani məclis quruldu, qohum-əqrəba cavanların başına yığışdı...

(adsgarden = window.adsgarden || []).push({});