Sorğuda sovrulanlar Onlara "yox" deyildi


Siyasət 21 Sen 2019 14:21:00 197 0

Sorğuda sovrulanlar  Onlara "yox" deyildi

"Mitinqdə orqanlar yox, orqanizmlər iştirak etməlidir. Yəni "gələ bilməyəcəyəm, amma ürəyim oradadır" sözü keçmir, bəylər". Bu qəzəbli xəbərdarlıq adı olub, özü sosial şəbəkələrdə olan, meydanlara isə kütləni toplamağa çalışan AXCP və "Milli Şura"nın sentyabrın 28-də keçirmək niyyətində olan mitinqi ilə bağlıdır.

Həmin qəzəbdə bədbinlik, acı taleyin etirafı və ən başlıcası, siyasi bazanın yoxluğunun təsviri var.

İş o yerə çatıb ki, AXCP sədri, daha doğrusu, bloqer Əli Kərimli də ümidsizləşib.

O, mətbuat katibəsinə çevirdiyi, ABŞ-da yaşayıb Azərbaycanda yaşayanlara sürəkli "yol göstərən" Sevinc Osmanqızının YouTube kanalında divar saatındakı quş intensivliyi ilə hər axşam peyda olur, kitab rəflərinin qarşısında oturur, hiddətlənir, saitləri uzadaraq danışır, qışqırır - bir sözlə, veb-kamera qarşısında tək aktyorun tamaşasını göstərir.

Məqsəd Azərbaycanda sən demə, "aktiv müxalif siyasətin mövcudluğunu" göstərmək və o həyatın da liderinin məhz özü olduğunu nümayiş etdirməkdir.

Fəqət, Əli Kərimli çox pis siyasətçi olduğu kimi, bərbad NLP mütəxəssisidir.

Söz yox, isterik çıxış qabiliyyəti, kimlərisə nəyəsə inandırmağa çalışmaq istəyi var.

Di gəl, ətrafındakılar və sosial şəbəkələrdəki "müsəlləh" trol yığınından savayı, Əli Kərimlini saya salanların sayı çox az.

Lütfən, "Əli Kərimli belə zəifdirsə, niyə yazırsan?" tipli primitiv sual səslənməsin.

Mən Antarktidadakı pinqvinlərdən də yaza bilərəm və bu, həmin pinqvinlərin Azərbaycan siyasətində ciddi rol oynaması anlamına gəlmir.

Əli Kərimlidən yazmağımın yeganə səbəbi isə bu adamın siyasi fəaliyyətinin qeyri-adekvatlıq, yalan və bütün mənəvi orientirlərlə prinsipləri pozması ilə bağlıdır.

Çünki bu bəyənilməz, təqdir olunmaz fəaliyyətdə bloqer Əli Kərimlinin tayı hələ ki, yox.

Həmin fəaliyyətin yarıtmazlığı, ümumiyyətlə, konstruktiv zəifliyi və ideoloji yaramazlığı gün keçdikcə, daha bariz əyan olur.

28 sentyabr mitinqinə çağışların ritorikasına, çağıranların nə dediklərinə və yazdıqlarına, onlara dəstək verənlərin ifadələrinə fikir verdikdə, miskin mənzərə yaranır.

Situasiyanı xarici ölkələrə sığınmış "müstəqil bloqer"lər belə, xilas edə bilmirlər.

Sosial şəbəkələrdə, xüsusilə də YouTube kanallarında və Facebook səhifələrində "Xalq bizi dəstəkləyir!" absurdunu inandırıcı edərək vizuallaşdırmağa çalışanlar arasında ilk yeri təbii ki, yenə də Əli Kərimli tutur.

O, həmişəki kimi,  trollarına güvənir və bu yığnaqla "kütləvi dəstək" görüntüsü yaratmağa çalışır.

Amma alınmır.

Hətta Əli Kərimlinin fərdi və merkantil, AXCP rəhbərliyinin cılız, "Milli Şura"nınsa marazm maraqlarına çalışan Sevinc Osmanqızı belə, işin öhdəsindən gələ bilmir.

YouTube videoservisində Əli Kərimli və Cəmil Həsənli duetinin korporativ maraqlarına çalışan "Osmanqızı" TV və "Kanal 13AZ"da sorğular keçirildi.

Ə.Kərimlinin trolları dərhal işə başladılar, saxta Gmail hesabları və ölü kanallar vasitəsilə səslər verməklə guya "xalqın "Milli Şura"nın mitinqinə dəstək verdiyini" nümayiş etdirməyə cəhd göstərdilər. Hətta, adları çəkilən kanallarda yerləşdirilmiş sorğuda iştirak etmiş ictimaiyyət Sevinc Osmanqızının "xalqın 92 faizi mitinqi dəstəkləyir" kimi yalanını da ifşa etdi.

"Osmanqızı"TV-də səsvermədə iştirak edən 7700 nəfərin 66 faizi, yəni 5082 nəfəri mitinqə yox deyib. Eyni zamanda, respondentlərin 1 faizi - 77 nəfəri də rəyinin olmadığını qeyd edib. "Kanal 13AZ" kanalı isə sorğunu hiyləgərcəsinə təşkil etməyə çalışsa da, xalqın iradəsi qarşısında geri çəkilməyə məcbur olub. Səsvermədə iştirak etmiş 11 min insanın 58 faizi, yəni 6380 nəfəri mitinqə yox deyib. Sadəcə "Kanal 13AZ" həm də qeyri-peşəkarlıq nümayiş etdirməklə tərəddüd ehtimalı yaradan cavablar da yerləşdirib. Əgər onları da hesablasaq 13 faiz, yəni 1430 nəfər də mitinqə qatılmaq istəmədiyini göstərib. Ümumilikdə isə 71 faiz insan mitinqə yox deyib.

Göründüyü kimi, Əli Kərimli sorğu təşkil edib saxta yollarla mitinqə dəstək görüntüsü yaratmağa çalışsa da, hər zaman olduğu kimi bu dəfə də xalqın "yox" sözü ilə qarşılaşdı. Xalqın böyük əksəriyyəti elə virtual məkanda da mitinqi boykot etdi.

Onu da unutmayaq ki, sosial şəbəkələrdə və YouTube videoservisində keçirilmiş sorğularda "gələcəyəm" deyənlərin yaxşı halda 10-15 faizi sözünə əməl edir. Yerdə qalanlar isə səsverməyə qatılmaqla siyasi həyatda iştiraklarını yetərli sayaraq sosial mükəlləffiyyətlərini bitmiş bilirlər.

Əli Kərimli, nə "təsadüf", ampluasına sadiq qalaraq "müstəqil bloqer" Tural Sadıqlının kanalına Skype ilə qoşularaq buyurub: Bir neçə gün öncə Sevinc Osmanqızı YouTube-da sorğu keçirib. Sual qoyub ki, 28 sentyabr mitinqinə qatılırsızmı - razısızmı yoxsa yox? Demək sorğuda proqram başa çatana qədər 2300 adam iştirak edib. Sevinc xanım da qeyd elədi ki, insanların 91%-i mitinqlərə dəstəyini ifadə edib. Yalnız 6%-i "xeyr" deyib, 4%-i başqa fikirdə olub. Analoji sorğunu "Kanal 13" də keçirib. Orada da təqribən oxşarlıq olub. Və bu rəqəmlər elan edilib. Ancaq hökumət neyləsə yaxşıdır? Trolları, saxta profilləri cəlb ediblər bu səsverməyə. 10 min nəfərə qədər adamı səfərbər ediblər. Vaxtı keçmiş sorğunu yenidən işləyiblər və mitinqə "gəlirəm" deyənlərin faizi avtomatik olaraq 21-22%-ə düşüb.  78-79% də mitinqə "yox" deyib. Bununla özlərinə təsəlli tapıb "facebook"-da elan edirlər. Hökumət bizdən də yaxşı bilir ki, İlham Əliyevin xalq içində heç bir ciddi dayağı yoxdur. Hakimiyyətin indi əsas rəqibi bizik - AXCP-dir. Bütün resursları bizə qarşı səfərbər ediblər. Prezident Aparatı, YAP funksionerləri, deputatlar, televiziyalar, saytlar, "facebook" səhifələri bütün günü bizimlə, daha çox mənimlə məşğul olurlar, bizə qarşı kampaniyalar aparırlar".

Eqoizmin, hikkənin, ambisiyanın, özunəvurğunluğun və müştəbehliyin bu səviyyəsi Əli Kərimlinin "yaradıcılığı"nda hələ olmamışdı.

Əslində isə əminəm ki, hər şey tam tərsinə olub.

S.Osmanqızının kanalındakı sorğu AXCP sədrinin "planları" üçün arzuolunmaz nəticələrlə başa çatandan sonra Ə.Kərimli təcili qaydada, dərhal "müstəqil bloqer"- "Kuraj ana" ilə əlaqə saxlayıb, hiddət və narazılığını ərz edib.

Sonra birgə müzakirələr aparılıb, durumdan çıxış yolu aranıb. Sonucda qərara gəliblər ki, rəqəmlərə müdaxilə mümkün olmadığından həmişəki varianta əl atılsın.

Yəni Sevinc Osmanqızı simasına müdrik+acizanə görmək verərək desin, habelə yazsın ki, bəs sən demə, sorğuya "haker müdaxiləsi" olub, "hakimiyyət trolları axışıb gəliblər".

Deyilib, edilib.

S.Osmanqızının sözlərinə görə, guya birgünlük sorğu elan olunub, 28 sentyabr mitinqi də dəstəklənib.

Sonra S.Osmanqızı "işinə davam edib, sorğu yaddan çıxıb". Bir neçə gün sonra həmin sorğunun nəticələrinə baxanda isə Osmanqızı dəhşətə gəlib, şok keçirib və ümumiyyətlə, pəjmürdə olub.

O, "hakimiyyət trolları"nı suçlayıb.

Yalanı Əli Kərimli də təkrarlayıb. Həvəslə, vəcdlə.

Sorğunun nəticələrindən çıxış etsək, AXCP və "Milli Şura"nın mitinqinə icazə verilərsə, həmişəki mənzərə, yəni radikal müxalifətin fiaskosu müşahidə olunacaq.

Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verməməsi Əli Kərimli üçün ən yaxşı variant olacaq.

Axı yasaq ona sosial şəbəkələrdə yenə isterik "Gördünüz, mitinqdən qorxdular, bizdən çəkindilər!" tipli bəyanatlarla çıxış etmək imkanı verəcək.

Sorğuların nəticələrinə gəldikdə isə, uduzmağı qəbul etmək, məğlubiyyətlə barışmaq normal davranışdır, müsbət məcazdır və siyasətçinin səviyyə göstəricisidir.

Statistikanı, müdaxiləsiz sorğuların nəticələrini danmaq, yalanlarla bəraət qazanmağa çalışmaq isə heç bir halda hansısa səviyyə göstəricisi deyil.

Lakin Əli Kərimli üçün belə davranış yeni deyil ki...

Elçin Alıoğlu Son.az