Aİİ-də Əhməd bəy Ağaoğlu ilə bağlı ikigünlük elmi konfrans yekunlaşıb


Digərləri 21 Sen 2019 02:44:34 203 0

Aİİ-də Əhməd bəy Ağaoğlu ilə bağlı ikigünlük elmi konfrans yekunlaşıb

Aİİ-də “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini başa vurub

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini uğurla yekunlaşdırıb. Trend-in məlumatına görə, bağlanış mərasimində Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yekun nitqi ilə çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda keçirilən elmi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı imzaladığı Sərəncam böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Aİİ rəhbəri nəzərə çatdırıb ki, bu Sərəncama uyğun olaraq, Aİİ-də keçirilən elmi konfransda görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında, həmçinin “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsi və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələr dinlənilib. C.Məmmədov Əhməd bəy Ağaoğlunun çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratdığını, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərdiyini bildirib. Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycan üçün deyil, eləcə də Türkiyə üçün önəmli şəxsiyyətlərdən biri olduğunu bildirib. Əhməd bəy Ağaoğlunun Türk Ocaqlarının yaradılmasında yaxından iştirak etdiyini bildirən C.Bayram qeyd edib ki, təşkilatın quruculuq fəaliyyəti də onun evində aparılıb. Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirən C.Bayram konfransın işini yüksək dəyərləndirib. Vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud tərcübələrin bölüşməsinə və paylaşılmasına böyük töhfə verir.