Bütün dünya ölkələri vizadan imtina edə bilər,


Digərləri 20 Sen 2019 20:29:00 308 0

Bütün dünya ölkələri vizadan imtina edə bilər,

"Ümumdünya Turizm Təşkilatı (ÜTT) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv ediləcəyinə ümid edir. Təxminən 10 il əvvəl dünya əhalisinin 77%-i vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50%-dən bir qədər çoxdur. Yenə də böyük göstəricidir. Ümid edirik ki, on ildən sonra viza olmayacaq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsinlər. İstəyimiz turizmin hamı üçün açıq olmasıdır. Bir sıra ölkələrdə "xüsusi təhlükəsizlik məsələləri" hələ də qalmaqdadır, lakin ÜTT buna baxmayaraq, viza rejiminin ləğvinin lehinə çıxış edir".

Milli.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyib. 

Bütün ölkələrdə vizaların ləğvi ilə bağlı Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyib ki, buna birmənalı yanaşmaq olmaz: "Dünyada daimi münaqişə ocaqları var ki, turistlər həmin yerlərdən yan keçməyə çalışırlar. Yəni vizalar ləğv edilsə də, turistlər münaqişə ocaqlarından yan keçirlər. Harada gərginlik varsa, münaqişə varsa, bu, turizmin inkişafı üçün mane olan faktordur. Bəzi dövlətlərarası münasibətlərdə vəziyyət mürəkkəbləşir. Vizasız turizm barədə o vaxt danışa bilərik ki, dünyada sabitlik olsun. O zaman bütün ölkələrdə vizaların ləğv olması mümkündür".

O, bildirib ki, ancaq biz çox sakit olmayan dünyada yaşayırıq və daim gərginliklər yaranır: "Məsələn, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasını almaq istəyir. Sabah, ola bilər, buna görə ABŞ ilə Danimarka arasında gərginlik yaransın. Bu, təbii bir prosesdir. Ona görə də vizaların ləğv edilməsi heç də turizmin inkişaf etməsi demək deyil. Bu, bir çox amillərdən asılıdır. Məsələn, biz vizaları ləğv etsək, sabah ABŞ-la İran arasında gərginlik olsa, bu, turizmin axınına mənfi təsir edəcək. Ancaq hər bir dövlət maraqlıdır ki, gəlir mənbəyi kimi turizmi inkişaf etdirsin".

"Bu gün turistlər bahalı turizm yerlərindən qaçırlar. Çalışırlar ki, kənd turizminə, aqrar turizmə yönəlsinlər, daha ucuz yerlərə getsinlər. Ümumdünya Turizm Təşkilatının niyyəti müsbətdir. Ancaq bu, o demək deyil ki, vizalar ləğv olsa, turizm axını artacaq. Buna geniş səpkidən baxmaq lazımdır", - deyə professor qeyd edib.

Turizm üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyib ki, bir sıra ölkələrdə artıq bu istiqamətdə müəyyən işlər görülür: "Məsələn, Avropa İttifaqına daxil olan ölkələr arasında və yaxud Amerika qitəsindəki bir sıra ölkələr arasında viza olmadan turist axını həyata keçirilir. Azərbaycanda aidiyyəti strukturlar bu istiqamətdə araşdırma aparmalıdır. Bizdə əsasən MDB məkanına vizasız gediş-gəliş var. MDB ölkələrinin vətəndaşları ölkə ərazisinə rahat şəkildə gəlib-gedə bilirlər. Bundan başqa, sentyabr ayının 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Bu səpkidə işlər aparılır".

(adsgarden = window.adsgarden || []).push({});