Elmar Məmmədyarov Çingiz Aydarbekov ilə görüşüb


Siyasət 19 Sen 2019 23:45:00 273 0

Elmar Məmmədyarov Çingiz Aydarbekov ilə görüşüb

Macarıstana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıb. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu vurğulayıblar. İkitərəfli iqtisadi münasibətlərin inkişafı və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazilər, habelə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq, bu xüsusda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməsi tapşırığını veriblər.

Bakı şəhərində keçiriləcək qarşıdan gələn Türk Şurasının 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğız Respublikasının təmsilçiliyi məsələsi müzakirə olunub.

Görüşdə nazirlər, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.