"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda


Dünya 19 Sen 2019 18:04:00 205 0

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda

Son.az newtimes.az-a istinadən yazını təqdim edir.

Bugünlərdə Səudiyyə Ərəbistanının "Aramco" dövlət şirkətinin neft emalı zavodlarına dronlarla edilən hücumlar qlobal miqyasda geosiyasi gərginlik yaradıb. Dərhal ABŞ-la İran arasında söz atışması özünü göstərib. Tərəflərin hər ikisi müharibəyə hazır olduqlarını bəyan ediblər. Bununla yanaşı, belə bir fikir səsləndirilib ki, nə Amerika, nə də İran müharibə istəmirlər. Onda bu hücumu kimlər və nə üçün təşkil ediblər? Ekspertlərin fikrinə görə, geosiyasi aspektdə məsələnin maraqlı və aktual tərəfi bundan ibarətdir. Çünki belə bir gizli faktorun mövcudluğu vəziyyəti nəzarətdə saxlamağın çox çətin olduğunun göstəricisidir. İstənilən an buna bənzər hadisə baş verə bilər. Özü də maraqlıdır ki, həmin hadisə neftlə bağlı verilən mühüm qərarlar fonunda baş verib. Məqsəd nədir? Hansı dairələr belə riskli addımlarda maraqlıdırlar? Bu kimi sualların kontekstində "Saudi Aramco" şirkətinin terminallarına olan hücumların geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Havadan zərbə: arxasında duran məqsəd

Onsuz da od içində olan Yaxın Şərqdə yeni münaqişə ocağı alovlanmaqdadır. Səudiyyə Ərəbistanına məxsus iri neft obyektlərinə silahlı hücum dünyanı qarışdırıb. "Saudi Aramco" şirkətinə aid olan terminallara böyük ziyan vurulub. Pilotsuz hava aparatlarının endirdiyi zərbə nəticəsində Səudiyyə Ərəbistanının neft istehsalına ciddi ziyan dəyib, bu ölkədə neft hasilatı yarıbayarı azalıb. Mütəxəssislərin təxminlərinə görə, onun nəticələrini bir neçə həftəyə ancaq aradan qaldırmaq mümkün olacaq.

Bu vəziyyətə dünyanın bir sıra dövlətləri dərhal reaksiya veriblər. Birləşmiş Ştatlar İran və İraqı ittiham edib. Yüksək vəzifəli rəsmilərdən biri deyib ki, hücum Yəmən tərəfdən ola bilməzdi. Koordinatlar İraq və İranı göstərir. Bundan başqa, çətin ki, pilotsuz təyyarələr bu həcmdə işi görə bilsinlər. Burada raket hücumu variantı da istisna edilmir.

Yəmənin üsyançı-husiləri hücumu pilotsuz uçan aparatlarla reallaşdırdıqlarını bəyan ediblər. Bununla onlar Tehranın məsələyə aidiyyətinin olmadığını göstərmək istəyirlər. Tehran da hücumla bağlı olmadığını bəyan edib. Lakin Ər-Riyad və Vaşinqton buna inanmır. Məsələ ilə bağlı Donald Tramp təhlükəsizlik müşavirəsi keçirib. İclasda vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esper iştirak ediblər. Müzakirələrdən sonra D.Tramp kəskin bəyanat verib. O, faktiki olaraq, müharibəyə hazır olduqlarını deyib. ABŞ prezidenti "hədəfə istiqamətləndiklərini" söyləyib, çünki zərbəni kimin endirdiyinə tam əmindirlər.

Bunun ardınca M.Pompeo İranın dünyanın enerji tədarükünə tayı-bərabəri olmayan bir zərbə endirdiyini bəyanlayıb. D.Tramp da özünün Tvitter səhifəsindən bildirib ki, Səudiyyə Ərəbistanından əlavə informasiyalar gözləyirlər. Bu əsasda hərəkət planını tərtib edəcəklər. Əlbəttə, Tehran da səssiz qalmayıb. Prezident Həsən Ruhani hücum haqqında konkret danışmasa da, Amerikanı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah verməkdə, kəşfiyyat informasiyaları ötürməkdə ittiham edib. Bununla Vaşinqtonun, əslində, "bir savaş əməliyyatı" həyata keçirdiyini bəyan edib.

İran prezidenti onu da vurğulayıb ki, hazırda Fars körfəzində baş verənlərdən bütün dünya narahatdır. Yəni problem ancaq region miqyası ilə məhdudlaşmayacaq, onun təsiri daha geniş məkanları əhatə edəcək. Ekspertlər bunu çox sayda dövlətlərin iştirak edə biləcəyi bir müharibənin meydana gəlməsi təhdidi kimi izah edirlər.

İran İslam İnqilabının Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin ifadə etdiyi fikirlər fonunda böyük bir müharibənin yaranması ehtimalının mövcudluğu bir daha təsdiq olunur. General inqilab keşikçilərinin savaşa hazır olduqlarını, İran raketlərinin çevrədə 2000 kilometrlik bir məsafəni vura bildiyini söyləyib. Bu məsafəyə Amerikanın hərbi bazaları və gəmiləri daxildir.

O, sözlərinə davam edərək daha maraqlı bir fikir ifadə edib. Ə.Ə.Hacızadənin sözlərinə görə, nə Amerika, nə də İran müharibə istəmir. Ancaq "yanlış anlaşılma səbəbindən savaş ortaya çıxa bilər"! Xarici işlər naziri Məhəmməd Cavad Zərifin də bir fikri bu baxımdan düşündürücüdür. O, ABŞ-ın İrana təzyiq siyasətinin "maksimum yalan siyasətinə" çevrildiyini deyib.

İran prezidentinin, xarici işlər nazirinin və İslam İnqilabının Keşikçiləri Korpusunun komandanının söylədikləri fikirlərin ortaq bir məntiqi vardır: regionda savaş ortaya çıxa bilər, lakin nə Amerika, nə də İran birbaşa bunda maraqlı deyillər, ortada üçüncü qüvvə vardır ki, təxribatlar törədir. Bu "üçüncü qüvvə" kimdir? Təxmin etmək olar ki, Tehran İsrail kəşfiyyatını nəzərdə tutur. Buradan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə doğru olmayan informasiyalar ötürülür ki, bunda məqsəd İranı günahkar çıxarmaq, onun düşmən obrazını yaratmaqdır.