Hacı Əliyevlə Mahir Əmiraslanov bürünc medal qazanmaq şansı qazandı


İdman 19 Sen 2019 16:16:00 278 0

Hacı Əliyevlə Mahir Əmiraslanov bürünc medal qazanmaq şansı qazandı

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycan güləşçiləri 6 çəki dərəcəsində çıxış ediblər.

Goal.az xəbər verir ki, öncə sərbəst güləşçilər 2 çəkidə mübarizəyə başlayıblar. "Minsk 2019" II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində qırğızıstanlı Uluqbek Joldoşbekovla üz-üzə gəlib. Əmiraslanov 5:4 hesabı ilə qalib gələrək, 1/16 finala yüksəlib. Lakin o, son dünya çempionu, eləcə də Avropa çempionatının və II Avropa Oyunlarının mükafatçısı, rusiyalı Zavur Uquyevə 3:4 hesabı ilə uduzub. Uquyev finaladək irəlilədiyi üçün Əmiraslanov bürünc medal uğrunda təsəlliverici görüşlərə haqq qazanıb.

3 qat dünya, 3 qat Avropa çempionu, "Minsk 2019" II Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev (65 kq) də təsnifat mərhələsindən mübarizəyə başlayıb. O, rusiyalı ikiqat Avropa çempionu və son iki dünya çempionatının gümüş mükafatçısı Hacımurad Rəşidovla üz-üzə gəlib. Görüşün sonlarında hakimlərin mübahisəli qərarından sonra Əliyev 2:4 hesabı ilə uduzub. Rəşidovun finaladək irəliləməsi ilə Hacı Əliyev bürünc medal uğrunda mübarizə imkanı qazanıb.