Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”


Digərləri 19 Sen 2019 16:22:00 203 0

Siyavuş Novruzov: Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

Strateji inkişaf yolunun başlanğıcı “Əsrin müqaviləsi”

Bakı. Ötən əsrdə beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyişikliklərdən biri böyük dövlətlərin inkişaf etməkdə olan ölkələrə qarşı tətbiq etdiyi birbaşa hərbi müdaxilələrin “yumuşaq güc”lə əvəz olunması, kommumikasiyadakı keyfiyyət transformasiyasının günümüzün reallığına çevrilməsidir. Yalnız çox böyük təcrübəyə, beynəlxalq nüfuza, xalqın arasında yüksək və sarsılmaz etimada malik olan ayrı-ayrı liderlər sayəsində kiçik dövlətlər bu cür miqyaslı təziqi zərərsizləşdirərərk “böhranı fürsətə çevirməyin” rasional yolunu göstərə bilir. Necə ki, Azərbaycana həmin mürəkkəb dövrdə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev beynəlxalq güc mərkəzlərindən gələn təzyiqi və daxili çətinlikləri uğurla həll edərək, onları nəinki netrallaşdırdı, həm də toqquşan maraqları uzlaşdıraraq ölkəmizi amansız rəqabət meydanı yox, ictimai-siyasi sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevirdi. Bu baxımdan, 1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər məhz həmin il "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Belə ki, həmin ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu. Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar. Lakin uğurların sırasında olduqca əhəmiyyətli məqamı Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanma mərasimindəki dərin məzmunlu nitqində ifadə edib. Ölkə rəhbəri vurğulayıb: ""Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün". Dövlətçilik fəlsəfəsi baxımından "Əsrin müqaviləsi"nin başlıca məqamını təşkil edən bu cəhət üzərində geniş dayanmağa ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, zəngin neft ehtiyatı hələ ölkənin zəngin olması anlamına gəlmir. Müasir dövrdə böyük dövlətlər arasında gedən nüfuz və maraq savaşı ehtiyatsız atılmış bir addım ucbatından zənginliyi başağrısına çevirə bilər. İndi enerji ilə zəngin ərəb ölkələrinin bəzilərində müşahidə edilən proseslər bunun bariz nümunəsidir. Həmin dövlətlərdə müharibə, ixtilaflar, silahlı toqquşmalar səngimək bilmir. Üstəlik, onların dövlətçiliyi belə ciddi təhlükə qarşısındadır. Ölkə başçısının vurğuladığı məqamın başqa tərəfi Cənubi Qafqaz regionunda geosiyasi dinamikanın böyük ziddiyyətlərə düçar olması ilə bağlıdır. Sirr deyil ki, müstəqilliyin ilk illərindən başlayaraq böyük güclər Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə ən azından göz yumdular. Bu, Azərbaycana bir siqnal idi və belə gedişatla ölkəmizin real olaraq müstəqil dövlət kimi formalaşması çox çətin olacaqdı. Heydər Əliyev hakimiyyətə yenidən dəvət edilənə qədər bu təhlükə getdikcə böyüdü. Çünki Ulu öndərdən əvvəl ölkəyə başçılıq edən AXC-Müsavat cütlüyü düzgün, dövrün tələblərinə uyğun daxili və xarici siyasət yeridə bilmədikləri üçün düşmən bu fürsətdən maksimum yararlandı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi ciddi təhlükə altına düşdü. Həmin kontekstdə "Əsrin müqaviləsi"nin imzalanması dövlət quruculuğu yolunda çox güclü təsiredici faktor oldu. Bir neçə dəfə onun baş tutmasını pozmağa çalışsalar da, Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət hətta ən güclü beynləlxalq oyunçuların belə fitnəkarlıqlarını darmadağın etdi. Bütün bunlar inkişaf üçün zəmin hazırlayırdı, lakin ən əsası müqavilənin yaratdığı yeni tarixi şəraitdən və imkanlardan optimal qaydada istifadə olunması idi. Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan rəhbərliyi neft kapitalını insan kapitalına çevirə bildi və bu, müstəqilliyini əldə etmiş gənc dövlətlər sırasında bəlkə də yeganə müsbət nümunədir. Bu ideyanın arxasında çox məqamlar yatır. Əsas tezis bundan ibarətdir ki, ölkə rəhbərliyi neftdən gələn gəlirləri vətəndaşın sosial-mədəni, iqtisadi, mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi ortaya qoydu. Qazanılan kapital hər şeydən öncə Azərbaycan vətəndaşının rifahına və ordu quruculuğuna xərclənməkdə davam edir. Dövlət başçısı cənab İlham Əliyev bu kontekstdə fikirlərini belə vurğulayıb: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, – dünyanın ən gözəl şəhərlərindən biridir, – tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır". Ötən 25 il ərzində "Azəri-Çıraq-Günəşli"dən 492 milyon ton neft hasil edilib. Həmin müddətdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılıb. 250 min köçkün yeni salınan 100-ə yaxın qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin edilib. Bunlardan başqa, Azərbaycan rəhbərliyi sazişin imzalanmasından sonrakı 25 il müddətində elm və təhsilə, vətəndaşların sosial təminatına böyük miqdarda vəsait ayırıb. Onlar ölkədə elm, təhsil, texnologiyanın inkişafına ciddi təkan verməkdədir. Çünki aydın həqiqətdir ki, şəxsiyyətin hərtərəfli inkişafı üçün lazım olan şəraitin yaradılması ilk növbədə elm və təhsilin inkişafı ilə əlaqəlidir. Dövlət başçısı bir ölkənin inkişafını intellektual potensialının müəyyən etdiyini hər zaman ayrıca vurğulayıb. İnnovasiyaların, texnologiyaların inkişaf etdiyi ölkələr dünya miqyasında aparıcı mövqe tuturlar. Ölkə rəhbəri qeyd edir ki, "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək... Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur". Yuxarıda vurğulanan bütün məqamlar onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 25 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib. Və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır! Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur və Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi iki il əvvəl həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atdı. Belə ki, 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə - BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TP, "Itochu" və "ONGC Videsh" şirkətlərinin iştirakı ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalandı. Bununla da Azərbaycan hökuməti ilə BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın davamına qərar verildi. Keçən müddət ərzində əldə edilən təcrübə təsdiqləyir ki, tərəflər bir-birinə tamamilə etibar edir və həmin səbəbdən, imzalanan yeni saziş Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətlidir.