“Türk dünyasının görkəmli ictimaisiyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb


Digərləri 19 Sen 2019 15:59:00 339 0

“Türk dünyasının görkəmli ictimaisiyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə "Türk dünyasının görkəmli ictimai-siyasi xadimi - Əhməd bəy Ağaoğlu" mövzusunda ikigünlük elmi konfrans öz işinə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə öncə Azərbaycan Respublikası və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu il Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi tamam olur: "Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel 2019-cu il tarixdə "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında" 1109 nömrəli Sərəncam imzalamış və Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 iyul 2019-cu il tarixdə qeyd olunan Sərəncamın icrası ilə əlaqədar Tədbirlər Planını təsdiq etmişdir."

Aİİ rektoru bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan ictimai fikir tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə imzaladığı Sərəncam dövlətimiz tərəfindən Türk dünyasının görkəmli ictimai-siyasi xadiminə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.

C.Məmmədov qeyd edib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

Aİİ rektoru vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbir Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat yolu və əsərləri ilə yaxından tanışlıq, ədəbi fəaliyyətinin yeni, maraqlı səhifələrini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı görkəmli ictimai xadim, şərqşünas alim, publisist, tənqidçi Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycanda yox, Türkiyədə, Yaxın və Orta Şərqdə, Mərkəzi Rusiya və Qərbi Avropada da tanınmış alimlərdən olduğunu qeyd edib. M.Balcı dahi mütəfəkkirin hürriyyət və demokratiya aşiqi bir insan, milliyyətçi ziyalı olduğunu qeyd edərək, onun insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini özündə toplamış böyük insan olduğunu vurğulayıb.

Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram qeyd edib ki, Əhməd bəy bütün həyatı boyunca çəkdiyi əzablara, əziyyətlərə, sürgünlərə, məhrumiyyətlərə baxmayaraq, sözünü çəkinmədən demiş, xalqının və böyük Türk dünyasının mənafeyi uğrunda hər zaman mübarizə aparmışdır. Böyük sənətkarın yaradıcılığı və fəaliyyəti çoxtərəfli, çoxjanrlı, sistemli şəkildə davam etmiş, son nəfəsinədək xalqına, millətinə, mədəniyyətinə bağlı olduğunu göstərmişdir.