Yaxın dövr ərzində KOB-lar yeni investisiya təşviq mexanizmlərdən geniş istifadə edəcək (FOTO)


Digərləri 19 Sen 2019 14:50:26 164 0

Yaxın dövr ərzində KOB-lar yeni investisiya təşviq mexanizmlərdən geniş istifadə edəcək (FOTO)

Mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədi ilə KOBİA tərəfindən bir sıra tədbir və layihələr həyata keçırılır.

Bakı. Mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədi ilə KOBİA tərəfindən bir sıra tədbir və layihələr həyata keçırılır. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019” çərçivəsində təşkil olunmuş “Maliyyə, İnvestisiya və KOB” sahəsinə dair sessiyada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov deyib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir: "Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkətlərimiz bu imkanlardan bəhrələnib". Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövr ərzində KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan Orxan Məmmədov bu mexanizmlər barədə də məlumat verib. Bildirilib ki, Agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və startaplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər Məcəlləyə daxil edilib: "Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcəkdir. Bundan başqa, KOBİA tərəfindən startaplara veriləcək şəhadətnamə onları 3 il müddətinə gəlir və ya mənfəət vergisinden azad edəcək. Hazırda bu istiqamətdə iş aparılır".