Azərbaycanın kənd və rayonlarında elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar - Komitə rəsmisi


Digərləri 19 Sen 2019 11:52:00 249 0

Azərbaycanın kənd və rayonlarında elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar - Komitə rəsmisi

Bu gün Azərbaycanda əsas problemlərdən biri də ailə başçısının bu statusdan sui-istifadə etməsi ilə bağlıdır.

Bakı. Elçin Mehdiyev – Bu gün Azərbaycanda əsas problemlərdən biri də ailə başçısının bu statusdan sui-istifadə etməsi ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, bunla bağlı bizə kifayət qədər müraciətlər olur: “Misal olaraq, bir çox gənc qız bizə müraciət edir ki, atası ona təhsil almağa icazə vermir. Yaxud qadın müraciətində qeyd edir ki, həyat yoldaşı onu başını bağlamağa məcbur edir, işləməyə icazə vermir, evdən çölə çıxmağa belə qadağa qoyur. Bu azmış kimi qadının maaşını əlindən alan kişilər də var”. Onun sözlərinə görə, bu gün Azərbaycanın kənd və rayonlarında yaşayan elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar: “Çoxunun da ölkədə bu sahədə olan qanunvericilik bazasından xəbəri yoxdur. Elə qadınlar da var ki, təhsilləri yoxdur. Bizə müraciət edən qadınların bəziləri heç ərizə də yaza bilmirlər. Ancaq həmin qadınlar dinlə bağlı bizə dərs keçirlər. Bəzən kişilər də bizə müraciət edib deyir ki, xanımı hər hansı dini qruplaşmaya qoşulub və övladlarını götürərək başqa ölkəyə gedib”.