10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 18 Sen 2019 13:31:00 189 0

10 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı. Elçin Mehdiyev - Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana götürülüb. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.