Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi FOTO


Digərləri 18 Sen 2019 13:25:00 321 0

Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi  FOTO

Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont" Şirkətlər Qrupunun dəstəyi ilə 16-24 sentyabrda Bakıda "Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri" mövzusunda keçiriləcək Yay Məktəbinin açılışı olub. 

Son.az xəbər verir ki, açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar, Milan-Bikokka Universitetinin İqtisadiyyat fakültəsinin professoru, "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbinin direktoru Silvana Stefani, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İtaliyanın "Maire Tecnimont" Qrupun podratçısı "Kinetics Technology" şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri  Nikolo Heilpern, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov çıxış ediblər.  Rektor Elmar Qasımov çıxışında neft-qaz sənayesinin inkişaf etdiyi ölkədə alternativ enerji mənbələrinə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsinə, sənayenin yaratdığı ekoloji problemlərin alternativ üsullarla aradan qaldırılmasına böyük önəm verilir. 

"Bu gün ekoloji problemlərin qarşısını almaq üçün alim, elmi-tədqiqat işçiləri ilə yanaşı, mühəndislər də müxtəlif üsullar axtarıb-tapırlar. Bu baxımdan hesab edirəm ki, yüksək ixtisaslı mühəndislər yetişdirən Bakı Ali Neft Məktəbinin "Yaşıl Enerjinin İdarə Olunması" üzrə Yay Məktəbinə ev sahibliyi etməsi təqdirəlayiqdir". 

İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar bildirib ki,  enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri hər zaman alimləri və qlobal şirkətləri düşünməyə vadar edir. 

"Təbiət bizə hədiyyədir. Biz onu qorumağın alternativ yollarını tədqiq edib, yeni üsullar tapmalıyıq. Milan-Bikokka Universitetinin illərdir bir sıra ölkələrdə "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbini təşkil etməsi mənim üçün olduqca qürurvericidir. Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Ali Neft Məktəbinin yüksək təşkilatçılığı sayəsində təşkil ediləcək tədbirlərin yaşıl enerjinin idarə olunması istiqamətində faydalı olacağına inanıram".

Milan-Bikokka Universitetində İqtisadiyyat fakültəsinin professoru, "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbinin direktoru Silvana Stefani 2013-cü ildə ilk dəfə Milanda təşkil edilən Yay Məktəbinin daha sonra İspaniya, Qazaxıstan kimi ölkləri də əhatə etdiyini qeyd edib. 

"Bu il Yay Məktəbi çərçivəsində Azərbayanda keçirilən silsilə tədbirlər, növbəti illərdə Misir və Birləşmiş Ərəb Əmirliklərində də təşkil ediləcək. Biz Azərbaycanda reallaşdırılan Yay Məktəbinin sonunda qlobal enerji problemlərinin həllinə töhfə verəcək nəticələrin əldə olunacağına ümidvarıq. S.Stefana qeyd edib ki, azərbaycanlı alim və tələbələr digər ölkələrdə keçirilən "Yaşıl Enerjinin İdarə Olunması" Yay Məktəbində də  iştirak edə bilərlər.