"Ağdam Qafqazın Xirosimasıdır" - AS nəşri Qarabağ – Sevilla matçı barədə...


İdman 18 Sen 2019 10:53:00 339 0

"Ağdam Qafqazın Xirosimasıdır" - AS nəşri  Qarabağ – Sevilla matçı barədə...

İspaniyanın nüfuzlu AS nəşri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Qarabağ – Sevilla oyunu ilə bağlı yazı dərc edilib.

Goal.az xəbər verir ki, məqalədə Azərbaycan çempionunun təmsil etdiyi Ağdam şəhəri Qafqazın Xirosiması kimi təqdim olunub: “Çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərinə tərk edənlər, onların övlad və nəvələri olacaq. Qarabağ 26 ildir ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km uzaqda keçirir. Ağdam - Qafqazın Xirosiması, ruhlar şəhəridir. İndi orada “İmarət” stadionunun xarabalıqlarını görə bilərsiniz. Qarabağ təsis olunduğu 1951-ci ildən bəri, qanlı Azərbaycan - Ermənistan müharibəsi komanda ilə bərabər 40 min insanı oradan çıxmağa vadar edənə qədər ev oyunlarını orada keçiriridi. Həmin şəxslərin çoxu indi paytaxtda məskunlaşıblar”.

Məqalədə bildirilir ki, 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra “qaçqınların klubu” olan Qarabağ-da yüksəliş dövrü başlayıb: “Artıq komanda Azərbaycanda dominatlıq edir, ardıcıl 6 mövsümdür avrokuboklarda qrupa düşür. Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir. Onlar ötən bazar əsas rəqibləri Neftçi-ni asanlıqla məğlub etdilər. Qarabağ 2017/2018 mövsümündə Ağdamdan didərgin düşərək bölgələrdə məskunalaşanların “Atletiko” və digər oyunlara gələ bilmələri üçün birbaşa avtobuslar təşkil etmişdi. Onlar üçün Qarabağ bir futbol komandasından daha artıqdır”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. ("Report")