"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı


Digərləri 18 Sen 2019 10:09:38 226 0

"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı

Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır.

Bakı. 25 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş - tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanmışdır. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarılması üçün öz ideyalarını həyata keçirməyə başladı. Bu müqavilənin bağlanması ilə müstəqil dövlətimizin neft strategiyası və doktirinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. 20 sentyabr günü eyni zamanda ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. Müqavilənin hazırlanmasının ilk günlərindən o vaxtlar ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin üzvü İlham Əliyev danışıqlar prosesinə cəlb olundu, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur - “Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətin həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. “Əsrin müqaviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı. Birinci növbədə, 1995-ci ildə ilkin neft hasilatı çərçivəsində Çıraq-1 özülü dünya standartlarına uyğun olaraq bərpa edildi. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1997-ci ildə simal istiqamətində Bakı-Novorossiysk neft kəməri bərpa və inşa edildi. 1999-cu ildə Qərb istiqamətində Bakı-Supsa neft boru kəməri istifadəyə verildi. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açlış mərasimi keçirilmişdi. Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin genişləndirilməsinə təkan vermiş, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. Daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Neft və qazdan əldə olunan gəlirlərin bir hissəsi nəqliyyat sektoruna yönəlmişdir. Bu da Azərbaycanın bu bölgədə, Avrasiya məkanında çox strateji nəqliyyat mərkəzinə çevirilməsinə şərait yaratdı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması əldə olunan uğurlardandır. “Əsrin müqaviləsi” Azərbaycana aşağıda göstərilənləri əldə etməyə imkan yaratdı: 1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. Müqavilə uzunmüddətli yatrımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühütinin qorunmasında maraqlı idilər. Bütün aparıcı beynəlxalq sərmayədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi. Bu müqavilə yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi. Müqavilə maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı. Müqavilənin şərtləri imkan verir ki, Azərbaycan bu layihədə iştirak edən xarici şirkətlərdən daha çox gəlir əldə etsin. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər yerli kadrlara neft mühəndisliyi sahəsində son dərəcə yeni, təkmil, qabaqcıl biliklər və təcrübə verdi.