Toyda qeyriadi cinayət: “Ağacdan düş, yoxsa...”


Kriminal 17 Sen 2019 16:48:00 274 0

Toyda qeyriadi cinayət: “Ağacdan düş, yoxsa...”

Zərdab rayonunda toy məclisində qanlı cinayət törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Ruslan Abdullayevin məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan Ruslan Abdullayev tanışı Bəhrəm Məmişovun dəvəti ilə onun toy məclisində iştirak edib.

Zərdab rayonu, Bıçaqçı kəndində baş tutan toy məclisində Ruslan Abdullayev sərxoş olub. O, sərxoş vəziyyətdə alça ağacına çıxıb.

Bu zaman ona "ağacdan düş, yıxılarsan, peşmançılıq olar, spirtli içki də içmisən, sərxoşsan" deyən Zamin Salikova sərt cavab qaytarıb. O, Zamin Salikova "ağacdan düşməsəm, nə edərsən?" deyə bildirib.

Ruslan Abdullayev ağacdan düşərək, ona bıçaqla xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Ruslan Abdullayev polis əməkdaşları tərəfindən yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Natiq Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.