Subasma təhlükəsi olan ərazilərdə tədbirlərə başlanıldı (FOTO)


Digərləri 17 Sen 2019 15:51:14 206 0

Subasma təhlükəsi olan ərazilərdə tədbirlərə başlanıldı (FOTO)

“Azərsu” ASC Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb.

Bakı. Samir Əli - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb. ASC-dən Trend-ə bildirilib ki, hazırda 5 yaşayış məntəqəsini əhatə edən layihələrdən biri Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq. Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazidə məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırılıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub. Yaşayış massivində subasma hallarının aradan qaldırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb. Layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.