Gimnastlarımız dünya çempionatının II günündə çıxışlarını tamamladılar


İdman 17 Sen 2019 15:16:00 331 0

Gimnastlarımız dünya çempionatının II günündə çıxışlarını tamamladılar

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Veronika Qudis Bakıda keçirilən dünya çempionatında ikinci günündə çıxışlarını başa vurublar.

Goal.az xəbər verir ki, çoxnövçülük üzrə təsnifat mərhələsində A qrupunda yer alan milli komandanın üzvlər bu dəfə topla hərəkətlərdə bacarıqlarını nümayiş etdiriblər.

Ağamirova hakimlərdən 19,950 xal alıb. O, halqa və topla hərəkətlərin cəmində 38,950 xalla 10-cu sıradadır. Topla hərəkətlərdən 17,700 xal qazanan Qudis isə 17-ci sıradadır. Onun 34,650 xalı var.

Hazırda lider olan rusiyalı Dina Averina 47,350 xala malikdir.

Qeyd edək ki, təsnifat mərhələsinə saat 17:00-da yekun vurulacaq. İlk 8 yeri tutan gimnastlar saat 19:30-da başlayacaq finala vəsiqə qazanacaqlar.

Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən, 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.