Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib


Digərləri 16 Sen 2019 20:16:02 220 0

Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbir Dövlət himninin səslənməsi ilə başlanıb. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri, Akademiyanın rəhbərliyi, müəllim və tələbələr, valideynlər iştirak ediblər. Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın müəllim-tələbə kollektivini, valideynləri təbrik edən İsmayıl Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il olduğu kimi, bu ildə yeni tədris ilinin başlanması ərəfəsində ölkəmizin bütün regionlarında, şəhər və qəsəbələrində yeni müasir təhsil ocaqları tikilib, istifadəyə verilib. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr istedadlı, bilikli gənclərin hər sahədə önə çəkilməsinə, təhsilimizin inkişafına təkan verib. İsmayıl Hüseynov diqqətə çatdırıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq gömrük orqanlarının müasir elmin sirlərinə yiyələnən ixtisaslı kadrlarla təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunub. Fəaliyyət göstərdiyi qısa dövr ərzində Akademiyanın yüksək nəticələr əldə etməsinin, bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrin yekun dövlət attestasiyası zamanı əldə etdikləri uğurlu nəticələrin qürurverici olduğu vurğulanıb. "Artıq tam əminliklə deyə bilərik ki, Akademiyamız nəinki ölkəmizin, eyni zamanda, regionun aparıcı müasir ali təhsil müəssisələrindən birinə çevrilib", - deyə sözünə davam edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Akademiyaya bu il qəbul olunan və hazırda təhsilini davam etdirən digər tələbələrin də estafeti uğurla başa vuracaqlarına əminliyini bildirib. İsmayıl Hüseynov gənclərin savadlı, bacarıqlı kadrlar, layiqli vətəndaşlar kimi yetişməsi məqsədilə Dövlət Gömrük Komitəsinin də bütün zəruri addımları atacağını diqqətə çatdırıb. Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edib. Bu ali təhsil ocağının uğurlarından söz açan Qulu Novruzov qeyd edib ki, Akademiya artıq 6-cı tədris ilini, yeni dərs ilini qarşılayır. Dövlət Gömrük Komitəsinin Akademiyası bu gün Azərbaycanın ən sayılıb-seçilən, ən inkişaf etmiş, ən mütərəqqi ali məktəbləri ilə müqayisə oluna bilən ali təhsil müəssisəsidir. Akademiyanın rəisi vurğulayıb ki, bu gün Azərbaycanda hər sahədə olduğu kimi, gömrük sahəsində də çox intensiv, zamanın tələbinə uyğun olaraq çoxsaylı islahatlar həyata keçirilir. Bu istiqamətdə Azərbaycan Prezidentinin "Qara qızılı insan kapitalına çevirək" devizi rəhbər tutularaq ən mütərəqqi və yüksək səviyyəli mütəxəssislərin hazırlanması prioritet vəzifə olaraq qalır. Bu vəzifəni yerinə yetirmək üçün Akademiyanın kollektivi, pedaqoji heyəti, əməkdaşları, inzibati heyəti əllərindən gələni edirlər.