İnsan nə vaxt həqiqətən azad olur?


Digərləri 16 Sen 2019 08:05:00 250 0

İnsan nə vaxt həqiqətən azad olur?

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəmlik dönəmini yaşayırıq. Müqəddəs İslam dini müsəlmanlar üçün həyatın bütün sahələrinə aid olan dərslər qoyub. Həyatın elə bir sahəsi yoxdur ki, insan həyatının elə bir tərəfi mövcud deyil ki, mübarək dinimizin bununla bağlı yanaşması olmasın. İslami mətnlərdə insan şəxsiyyəti və ləyaqətinə, eləcə də bu dünyada yaşayışına aid, çox ciddi şəkildə vurğulanan mövzulardan biri də - azadlıq, hürriyyətdir.

Hürr - bütün hallarda hürdür İmam Sadiqdən (ə) belə bir mübarək hədis nəql edilir:

"Hürr - bütün hallarda hürdür.

Əgər bir müsibətlə üzləşər, ona səbir edər.

Əgər müsibətlər üzərinə gəlsə, onu sındırmaz.

Əgər əsir düşsə, məğlub olsa belə, çətinlikləri asanlıqla yola verə bilər.

Necə ki, düzgünlük, əminlik zirvəsi olan Həzrət Yusifə (ə) qul götürülməsi, məğlub edilməsi, əsir düşməsi hüriyyətinə, azadlığına təsir göstərə bilmədi, necə quyunun zülmət qaranlığı, onun vəhşət qorxusu, digər başına gələnlər ona təsir göstərə bilmədi.

Nəhayət olaraq, Allah Təala ona Öz lütfini göstərərək, onu malik etdikdən sonra, onu hakim etdikdən sonra təkəbbürlü bir zalımı onun tabeçiliyinə keçirtdi. Rəsul olaraq onu göndərdi və bununla da ümmətə Öz rəhmətini göstərdi. Və elə bu cür səbir, xeyri öz ardınca gətirər.

Bəs səbir ediniz və özünüzü səbir üçün hazır ediniz ki, əvəzi verilsin".

Bu çox qiymətli cümlələrə olduqca böyük diqqətlə nəzər salmaq gərəkdir.

Hürr insan - bütün hal və vəziyyətlərdə hürdür

Elmin mənbəyi, çeşməsi olan İmam Sadiq (ə) buyurur ki, hürr, mərd, azad insan, azadə ruhiyyəli insan bütün hallarda hürr və azaddır. Yəni, əgər insan azadədırsə, istər ölüm təhlükəsi olan zaman mübarək Rəsulun (ə) yatağında uzananda da, istər hicrət edən zaman Peyğəmbərin elçisi (s) tək Məkkədə qalanda da, istər yaxşı olan halda, istər pis imkanı olan halda - hürr, mərd və azad olar.

Hədisin davamında gəlir: "...Əgər bir müsibətlə üzləşərsə, ona səbir edər".

Hürr insan, tək yaxşı günündə, sakitçilik olanda hürr deyil. İmamın (ə) mübarək hədisindən anlaşılır ki, insan azadlığı o halda həqiqi hürriyyət adlanır ki, bütün vəziyyətlər və şəraitlərdə azad olsun. İstər başına kül töküləndə, istər Məkkə küçələrində uşaqlar ona daş atanda, istər Həzrət Əbutalib kimi, Həzrət Xədicə kimi insanlarla blokada şəraitində, ac-susuz qalanda, bütün hallarda davam gətirən insan hürdür. Azadə insan o kəsdir ki, hər şəraitdə - Peyğəmbər (s) nəvazişi altında olanda da, ətrafında 40 min düşmən olanda da hürdür. İmam Hüseyn (ə) kimi.

Allah insanı müxtəlif vəziyyətlərlə sınağa çəkir

Hədisinin davamında İmam (ə) buyurur: "...Əgər müsibətlər üzərinə gəlsə, onu sındırmaz".

Elə bir vəziyyət olar ki, müsibətlər bir-bir insanın üstünə gələr. İnsan bu vəziyyətdə də hürr və azad olar. İstər Rəsulun (s) ətrafında olanda, istər Rəsulun (s) vəfatını görəndə, istər Əliyə (ə) qarşı zülmü görəndə, istər zalım padşahların sarayları qarşısında dayanıb haqqı elan edəndə, qardaşı ilə ayrılanda, qandallı halda babasının (s) insan elədiyi bir toplum tərəfindən əsirə çevrildikdə belə, Həzrət Zeynəb (ə) kimi azadə və hürr olar.

O, əsil azadəlik, mərdlik və hürriyyət simvoludur.

Əsirlikdə və zindanda belə azad olmaq gərəkir

Hədisin davamında gəlir: "...Əgər əsir düşsə, məğlub olsa belə, çətinlikləri asanlıqla yola verə bilər".

Təbii ki, burada söhbət zahiri məğlubiyyətdən gedir. Möminin dünyada məğlubiyyəti - əslində qələbədir. İnsan haqq uğrunda həyatını qurban verə bilər və ona bəziləri məğlub edilmiş kimi baxa bilər. Amma onların baxışından asılı olmayaraq, həqiqi qələbə elə budur. Çünki, haqqın yanında axıradək olub.

Əllamə Hüseyni adlı böyük bir alim barədə danışırlar. Əslən Pakistan müsəlmanlarındandır. Əllamə Hüseyni azad olanda, əsir düşməyəndə, zindanda olmayanda hər zaman öz işini görürdü. Onu əsir edib zindana salanda, yenə də öz işini davam etdirirdi. Bir gün Əllamə Hüseynini zalımlar həbs edirlər. Müsəlmanlarlar ayağa qalxır. İş o yerə çatır ki, zalımlar Əllamə Hüseyniyə yalvar-yaxar edirlər ki, zindandan çıxsın. Əllamə Hüseyni çıxmır. Ona deyirlər ki, camaat sənin azad edilməyini tələb edir, çıx zindandan.

Cavab verir ki, "Mən bu zindanda dərslər qoymuşam, bu dərsləri başa çatdırmayanadək zindandan çıxa bilmərəm. Mən bu insanlarla əhd-peyman bağlamışam. Elə etməyin ki, camaat ikinci dəfə ayağa qalxıb, məni zindana qaytarmağı tələb etsin".

Bax, belə insanlar var. Öz vəzifələrini hər yerdə yetirməyi onlar hər şeydən üstün tuturlar.

Beləliklə görürük ki, harada yaşamasından asılı olmayaraq, Əllamə Hüseynilər hər zaman hürr və azaddırlar. Mərd elə o insandır ki, hər bir vəziyyətdə bu mərdliyini qoruyub saxlaya bilsin.

Zahiri məğlubiyyət - bəzən elə qələbənin özüdür

Hədisin davamında gəlir: "...Necə düzgünlük, əminlik zirvəsi olan Həzrət Yusifə (ə) qul götürülməsi, məğlub edilməsi, əsir düşməsi hüriyyətinə, azadlığına təsir göstərə bilmədi, necə quyunun zülmət qaranlığı, onun vəhşət qorxusu, digər başına gələnlər ona təsir göstərə bilmədi".

Qul götürüləndə də Həzrət Yusif (ə) azadədir. Zahirdə quldur, amma həqiqətdə onun azadlığı elə budur. Zahirdə məğlubiyyət, zahirdə müvəffəqiyyətsizlik kimi görünmək - əslində digərlərlərinin yalançı zahiri azadlıqlarından minlərlə dəfə üstün olan hürriyyətdir.

Deyilir, Həzrət Yusifi (ə) nə quyunun vəhşəti, nə əsirliyin vəhşəti, nə digər başına gələnlər qorxutmadı. O Həzrətə (ə) nə qul olmasının, nə də hakim olmasının heç bir təsiri yox idi. Onu incidən, zülm verən zalımlar bir gün onun tabeçiliyinə keçəndə belə, Həzrət Yusif (ə) üçün heç bir fərqi yox idi. Bütün bu sınaqlar, imtahanlar onun üçündür ki, insan yetişsin və inkişaf etsin.

Səbir hər zaman xeyir ilə nəticələnər

Bu cür də hədisdə buyurulur: "...Səbir xeyiri öz ardınca gətirər". Rəsulun (s) ona verilən əziyyətlərə dözməsi Həzrət Əlilər (ə), Əbazərlər (ə) yetişdirdi. Həzrət Həmzənin (ə) göstərdiyi o şücaət Həzrət Hüseynlər (ə) yetişdirdi.

(adsgarden = window.adsgarden || []).push({});