İxlasın nişanələri


Digərləri 15 Sen 2019 22:50:00 210 0

İxlasın nişanələri

Səmimi, ixlasla əməl və niyyət etdiklərini düşünənlər bilsinlər ki, Quran və hədislərə əsasən, ixlas nişanələri aşağıdakılardan inbarətdir:

1. Başqalarından ummamaq:

Qurani-Kərimin bu mövzuda işarə etdiyi nümunə İmam Əli (ə) ilə Xanım Fatimənin (ə) iftar verməsidir. İmam Həsən (ə) və İmam Hüseyn (ə) körpə yaşlarında xəstələnmişdilər. Peyğəmbər (s) və səhabələr onları yoxlamağa getdilər. İmam Əliyə (ə) təklif etdilər ki, onların şəfası üçün nəzir etsin. İmam Əli (ə) və Xanım Fatimə (ə) nəzr etdilər ki, körpələr şəfa tapan kimi üç gün oruc tutacaqlar. Allah körpələrə şəfa verdi. İmam Əli (ə) və Xanım Fatimə (ə) oruc tutdular. Bu böyük şəxsiyyətlər gün ərzində özləri çətinliklə bir ədəd çörək bişirirdilər. Birinci gün iftar vaxtı qapı döyüldü. Bir nəfər fəqir ehtiyacı üzündən bu qapıya pənah gətirib çörək istəyirdi. Onlar həmin gün üçün hazırladıqları çörəyi o fəqirə verib özləri su ilə iftar etdilər. İkinci, üçüncü gün də bu hadisə təkrarlandı. Üç gün yeməksiz oruc tutan ailə rəngləri qaçmış halda Peyğəmbərin (s) yanına gəldilər. Onlar barəsində "Dəhr" surəsi nazil oldu. Burada həmin xalis əmələ işarə olunurdu: "Biz sizə Allaha xatir təam veririk və sizdən heç bir mükafat, təşəkkür istəmirik." ("İnsan"/9.)

Onlar ixlasla və Allaha xatir təam verdilər. Təam və bəxşiş vermək onların xarakterinin bir hissəsi idi. Yeməklərini verdilər, qonaq və yoxsulun təkrar gəlişindən narahat olmadılar, onlardan heç bir təşəkkür ummadılar. İnsan bəzən könüllü olaraq pulsuz işləyir. Lakin istəyir ki, onun işindən cəmiyyət xəbər tutsun. Bəzən dildə mükafat ummadığını deyir. Lakin qəlbində mükafat gözləyir. Bəzən yaxşı işlərinə görə təşəkkür edilmədikdə narahat olur, süstləşir. Bütün bunlar ixlasın olmaması nişanəsidir. İxlaslı şəxs üçün xalqın tənqid, yoxsa tərif etməsi təsirsizdir. İnsan vəzifəsinə əməl etməlidir. İstər xalq bilib təşəkkür etsin, istər xəbərsiz qalıb, təşəkkür etməsin!

2. Məqam yox, öhdəyə düşmüş vəzifə əsasdır:

İxlasın başqa bir nişanəsi odur ki, insan əməl zamanı pul, məqam, şöhrət barədə düşünməyib zəruri və yerdə qalmış işlərin sorağınca getsin. Baxmayaraq ki, həmin işlər insanın ictimai məqamını, gəlirini və rifahını artırmır. Məsələn, kəndlərdə, ucqar rayonlarda, suyu və havası pis yerlərdə xidmət etmək, yaxud cəmiyyətdə gözə görünməyən lazımlı işləri yerinə yetirmək ixlasdan danışır.

Ustad əraəti deyir ki, gənc yaşımda həm uşaqlara, həm də yeniyetmələrə dərs keçirdim. Yolda yeniyetmələr mənə yaxınlaşdıqda qürrələnir, uşaqlar arxamca düşdükdə azacıq kiçiklik hiss edirdim. Bazardan keçirdim. Yol üstəki dükandan savadsız bir qoca çıxıb mənə dedi: "Allah üçün dərs verirsən?" Mən də pul almadığım üçün dedim: "Bəli!" Dedi: "Əgər Allaha görə dərs verirsənsə, uşaqların Allahı gənclərin Allahı ilə eynidir. Sənə "uşaqların müəllimi" desələr, narahat olmamalısan." Qocanın sözünü ilham olmuş ilahi dərs hesab etdim. O deyirdi: "Böyüklərlə kiçiklərin Allahı birdir." Kaş elə bir məqama çataq ki, əzəmətli və ya sadə məclislərdə iştirak etmək, tanınmış şəxslərdən və ya adi insanlardan təhsil almaq, ibtidai və ya ali təhsil öyrətmək bizim üçün eyni olsun; pul, şöhrət geyim və məqam yox, Allaha yaxınlaşmaq vasitəsi ilə ucalmaq istəyək!

3. Peşiman olmamaq:

Allaha xatir işləyənlər və başqalarından umacağı olmayanlar heç zaman işlərindən peşman olmurlar. Onlar Allaha xatir işlədikləri üçün mükafatlarını almışlar. İstər dünyəvi nəticəsi olsun, istər olmasın! Əgər Allaha xatir bir möminin və ya xəstənin görüşünə gedib, onu evdə tapmasanız, peşman olmayın. Çünki savabınızı almısınız. Gündəlik qarşılaşdığımız hadisələr peşmançılıq çəkməyimizə səbəb olursa, niyyətimizə diqqət etməliyik!

4. Etinasızlıq, yaxud diqqət mərkəzində olmaq eynidir:

Vəzifələri yerinə yetirərkən ixlaslı şəxslər üçün xalqın onları qəbul edib-etməməsi, diqqət və ya etinasızlıq göstərməsi fərqsizdir. Onların fikrincə, tərif və tənqid eynidir. Əgər bir şəxs xalq tərəfindən qəbul edildikdə sevinib, etinasızlıq gördükdə pərişan olursa, bu hal zəif ixlas əlamətidir. Əlbəttə, mümkündür ki, insan öz sevincini xalqın haqqa gəlişi, öz narahatçılığını xalqın dinə soyuq yanaşması ilə əlaqələndirsin. Lakin zahiri əlaqələndirmə kifayət etmir və qəlbə nəzər salmaq lazımdır. İmam Əli (ə) buyurur: "Riyakarın üç nişanəsi var: Təklikdə yorğun və halsız olur; xalq arasında (ibadət və əməldə) əhval-ruhiyyə tapır; tərif edildikdə çox, tənqid olunduqda az işləyir." ("Muhəccətul-bəyza", c.6, səh.144.)

5. Sabit hərəkət:

Son.az maide.az-a istinadən bildirir ki, ixlaslı insan zaman və məkan yox, ilahi göstərişlər əsasında yaşayır. Buna görə vəzifələrini ardıcıllıqla və sabit şəkildə yerinə yetirir. Təkrar-təkrar əməllərdən yorulmur. Onun qocalıq və ya fiziki zəifliyə görə az əməl etməsi mümkündür. Lakin əhval-ruhiyyəsi və məqsədi dəyişmir.

6. Var-dövlət və məqamın maneçilik törətməməsi:

İxlaslı şəxslərin öz vəzifələrini yerinə yetirməsinə var-dövlət və məqam maneçilik törətmir. İxlaslı şəxslər hətta özlərini də fəda etməyə hazırdırlar. Onlar bu yolda şəxsi istəklərindən keçirlər. Var-dövlət, məqam, yaxınlar və dostlara bağlılıq vəzifələrin yerinə yetirilməsinə mane olarsa ixlas məhv olar. Quran buyurur: "...Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən (s) və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın qəzəbini və əzabını gözləyin." ("Tövbə"/24.)

İxlaslı insan məkana, zamana, qadına, məskənə və özünə bağlı deyil. O yalnız Allahın razılığını düşünür. Özünü bəyənən, var-dövlət, məqam, övlad və sənətə tam bağlanan şəxslər ixlaslı ola bilməzlər. Çünki ixlas yolunda hər şeydən keçilməlidir.

(adsgarden = window.adsgarden || []).push({});