Üç qadının sevdiyi rejissor...


Kriminal 15 Sen 2019 13:16:00 248 0

Üç qadının sevdiyi rejissor...

Son.az Modern.az-a istinadən Hüseynağa Atakişiyev haqda maraqlı yazını təqdim edir:

Heç vaxt müəllim işləməyib, amma "müəllim" adını qazanıb. Yetirmələri "müəllim"dən sevgi və ağrı ilə söhbət açırlar.  "Aktyor evinin" birinci mərtəbəsində, qapısı arxadan açılan soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında 20 ildən artıq bir müddətdə ard-arda tamaşalar hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. Neçə-neçə gənc aktyorluğu, səhnə məharətini ondan öyrəndi. İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstərib əsərlərinə səhnə həlli verməsi, bununla da qarşılarındakı maneələri götürməsi sayəsində dramaturq oldular. Qısa ömründə yalnız öz işi ilə məşğul oldu və yetirmələrinə də bunu tövsiyə etdi. Hazırladığı tamaşalar bəlkə bu gün Azərbaycan teatr tarixinin bir küncünə belə yazılmayıb, amma yetişdirdiyi sənətkarlar nəsli hələ uzun illər fəaliyyət göstərəcək, sonra da yetirmələrinin yetirmələri yetişəcək. Hüseynağa Atakişiyev - deyiləndə hələ uzun illər onların gözləri dolacaq, hələ uzun illər  "bir başqa kişi idi" deyəcəklər.

İlk məsuliyyət

Hüseynağa Atakişiyev 1949-cu ilin sentyabrında Bakıda Çəmbərəkənddə kasıb bir ailədə dünyaya gəlmişdi. Atası sürücü, anası evdar qadın idi. Ailədə üç uşaq vadı-bir qız, iki oğlan... Xudmani dolanırdılar. Ata axşam işdən gəlir, ailə süfrə arxasına yığışır,  Allah verəndən yeyib-içib, bir-biriləri ilə söhbətləşir, şad-xürrəm yaşayırdılar. Ana dünyasını dəyişənə qədər.  Ananın gənc yaşında həyatdan köçməsi balaca tifillərin də, bu ailənin də tifağını dağıtdı. Tezliklə ata yenidən ailə qurdu. Uşaqların yükü onlardan bir az böyük, cəmi-cümlətanı 12 yaşı olan Hüseynağanın boynuna düşdü.  Bacısı Elmira Atakişiyeva danışır, daha doğrusu göz yaşlarına boğulduğundan danışa bilmir. Qırıq-qırıq söylədiklərindən anlaşılır ki, Hüseynağa çox qayğıkeşmiş, onların dərsləri ilə maraqlanmaqdan tutmuş, əyin-başlarına, yemək-içməklərinə qədər hər şeyi öhdəsinə götürübmüş. Həm işləyir, həm oxuyur, həm də bacı - qardaşının qayğısına qalır.

Teatrda işə işıqçılıqdan başlayır  

12 yaşında uşaq iş axtarmaqdan haldan düşüb, arzusuna rəğmən bəlkə teatrda bir iş tapılar-deyə ora baş vurur. Əslində bu binaya ali təhsilli aktyor kimi işləməyə gəlmək ən böyük arzusudur. Onun əsl teatr adamı olduğunu işə götürən şəxs də başa düşür: "Gəl, bizim işıqçıya ehtiyacımız var, hələlik bundan başla, sonra təhsil də alarsan, baxarıq".  Bu minvalla teatr aləminə işıqçı kimi daxil olur. İllər keçir, balaca Hüseynağa böyüdükcə teatrda ən müxtəlif işlərdə çalışır, hamısının da sirlərinə yiyələnib ustalaşır.  1975-ci il...  Nəhayət günlərin bir günü Hüseynağa teatra aktyor kimi daxil olur... Şəki Dövlət Teatrına. Çox keçmir ki, həmin teatrda həm də baş rejissor olur.  

Şəki Teatrı

Bu teatr artıq Hüseynağa Atakişiyev adlı bir sənətkarın varlığını ortaya qoyur. 1975-85-ci illərdə əvvəlcə rejissor, sonra baş rejissor olduğu truppa ilə Azərbaycan və dünya dramaturgiyasının şah əsərlərini tamaşaya qoyur. Şəki Teatrı ölkədən kənarlara çıxır, qastrollarda uğurlu tamaşalar göstərir. 1974-cü ildə 9 tamaşa ilə Moskvada qastrolda olması isə teatr tarixinin qırmızı səhifələrindəndir.   

Bu uğurlara görə həmin il əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Sonra onu Milli Dram Teatrına baş rejissor dəvət edirlər. Gəlir, amma Şəkidə qazandığı uğurları nədənsə bu teatrda əldə edə bilmir. Çox keçmir ki, Gənclər Teatrını yaradır.

"Kaş bu dünyadan köçəndə ..."

Gənclər Teatrının aktyoru, indi Milli Dram Teatrında çalışan Ayşad Məmmədovu dinləyək: "Kaş bu dünyadan köçəndə tamaşalarımın musiqilərini özümlə apara biləydim". Bir dəfə bu sözü mənim yanımda demişdi. Hər an fikrimdə dolanır, yaman tutub o söz məni. İlk sənət addımlarımı onun yanında, onun özülünü qoyduğu teatrda, o əllərimdən tutmaqla atmağa başlamışam. 3-cü kursda oxuyurdum, gəldim yanına ki sizinlə işləmək istəyirəm, dedi, gəl. Mənə ilk dəfədən "Romeo və Cülyetta"da Romeo rolunu verdi. Mənə, yetirmələrinə onsuz çox çətindir. Hüseynağa müəllim bizə səhnədən tamaşaçı ilə canlı tellərlə bağlanmağı öyrətmişdi, onun ruhu ilə yetişmişik. İndi harda işləməyimdən asılı olmayaraq çox çətindir".

"Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir" 

Gənclər Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışan Qurban İsmayılovun dedikləri: "Onunla 17 il bir yerdə işləmişəm, nə dostluğumuz olub, nə qardaşlığımız. İş vaxtı bədii rəhbərim olub, düşəndə bir məclisdə yeyib-içmişik. Əvvəl başqa teatrda çalışırdım, amma "Qətl günü" tamaşasına baxanda dostlara demişdim ki, çox istəyərdim Gənclər Teatrının aktyorları ilə işləyim. Dostlar da-Abbas Qəhrəmanov, Ayşad Məmmədov Hüseynağa müəllimə demişdilər, razı olmamışdı, çünki məni heç tanımırdı. Sonra elə oldu ki, premyeraya üç gün qalmış teatrdan gedən bir aktyorun yerinə məşqlərə çağırdılar. İlk tamaşadan sonra Hüseynağa Atakişiyev dedi, sənədlərini götür, gəl. Mənə həmişə baş rollar etibar edib. Başqa düşüncənin yiyəsi idi. Məsələn, hamı elə bilirdi ki, Hamleti Ayşada verəcək, amma gözlənilmədən mənə verdi. Dedi, indiki zamanda romantik Hamlet olmaz, bir az kobud, hadisələrə real baxan biri olmalıdır.  Əməli ilə sözü eyni olan, sözü bütöv, danışmaqdan çox iş görən bir insan kimi yadımda qalıb, sevmişəm onu. İndiyə qədər həyatımda, sənətimdə yeri görünür, çox çətindir onsuz. İnanın, ikiüç dəfə məni başqa teatra dəvət etdilər, getmədim. Gənclər Teatrının çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq onunla işləmək zövqünü başqa heç bir şeylə əvəz etmək olmazdı. İlin cəmi 4 ayını tamaşa göstərirdik, soyuq ayları geyinib-qıfıllanıb məşq elətdirərdi bizə ki, formadan düşməyək. Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir". 

(adsgarden = window.adsgarden || []).push({});