Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır


Digərləri 14 Sen 2019 20:20:00 232 0

Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayının artması və bunun çox ciddi təhlükə mənbəyi olması barədə xəbərdarlıq edib. Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir. Məlumatda qeyd olunub ki, bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova deyib ki, elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev isə elektron siqaretlərdən gənclər arasında daha çox tütün çəkmənin əvvəlində istifadə edildiyini, bunun bütün hallarda təhlükə mənbəyi, tütün çəkmənin dəstəklənməsinə xidmət etdiyini deyib: "Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyl göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər sadəcə, marketinq siyasətidir".

Qeyd olunub ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

(adsgarden = window.adsgarden || []).push({});